İdman

Rauf Əliyev “Kukesi”ni “yıxıb-sürüdü”: “Mənə kələk gəldilər”

“İnşallah, bu gün Bakıya qayıdıram. İşlərim yolunda getmir, görək nə olacaq?!”

İdmanxeber.com-a açıqlamasında bu sözləri Albaniyanın “Kukesi” kollektivindən qalmaqallı şəkildə ayrılan Rauf Əliyev deyib. Yaxın zamanda Albaniyada başına hansı hadisələrin gəldiyini danışacağını söyləyən hücumçu əməkdaşımızla söhbətində qısa da olsa bunları dedi: “Konkret şərait 0 idi, heç onu dilimə alıb danışmıram. Albaniyanın ən problemli klubuna keçmişdim. İnanın, 2 ay əvvəl qaçıb-getmək istəyirdim. Ancaq susdum ki, mənə daha da problem yaratmasınlar. Qorxdum, transfer vərəqəmi verməzlər. Şükür ki, yaxşı qurtardıq… Başıma elə böyük oyun açdılar ki, az qala dəli olam. Xırda problemlərə bir təhər dözürdüm, axırda da konrtaktda yazılan bir məsələyə əməl etmədilər, mənə kələk gəldilər, bu artıq bardağı daşıran son damla oldu. Mətbuatımız yazır ki, daha bir Azərbaycanlı futbolçu xaricdə qala bilmədi. Mən öz adıma bu sözlə razı deyiləm. Guya mənim xoşuma gəlir? İstəyərdim belə olsun? Mən yenə xaricdə oynamaq istəyərdim. Ancaq problemlər əl çəkmədi”.

Rauf Əliyev sabiq baş məşqçisi Mladen Milinkoviçin onun haqda “Rauf Albaniya çempionatında oynamağa layiq deyil” sözlərinə də münasibət bildirdi: “Bəs nə deməlidilər? Biz Raufun başına oyun açdıq, ona qarşı düzgün addım atmadıq deməlidilər? Belə bir açıqlama verməkləri normaldı”.

Son olaraq forvard Azərbaycana qayıtdıqdan sonra transfer məsələsini həll etməyə çalışacağını söylədi: “Görək nə olacaq? İnşallah, mənim üçün yaxşı olar. 3-cü kluba keçidim məsələsi, problem olaraq qalır. Heçnə bilmirəm, özüm də. Tək bildiyim odu ki, “Kukesi”dən ayrılmağıma peşman deyiləm, lap 6 ay futbolsuz qalsam da”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43