2011-ci ilin iyununda təməli qoyulan Bakı Olimpiya Stadionda tikinti işləri başa çatmaq üzrədir.
İdmanxeber.com-un AzərTAc-a istinadən yaydığı xəbərə görə, bu sözləri Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev deyib.
Bu gün Prezident İlham Əliyevin Bakı Olimpiya Stadionunda tikinti işlərinin gedişi ilə tanış olub. Dövlət başçısına məlumat verən R.Abdullayev qeyd edib ki, stadionun tammiqyaslı tikintisinə 2012-ci ilin noyabrında başlanılıb və işlərin gələn ilin fevralında yekunlaşması nəzərdə tutulur. Ümumi layihə üzrə işlərin böyük əksəriyyəti başa çatıb. Stadionun svay işləri bütünlüklə, torpaq və dəmir-beton işlərinin 95 faizi yerinə yetirilib. Dam konstruksiyası yerinə qoyulub və polad konstruksiya işlərinin böyük bir hissəsi yekunlaşıb. Artıq fasad örtüyünün vurulmasına başlanıb və interyer-tamamlama işləri sürətlə davam edir. Bununla yanaşı, köməkçi məşq sahəsində ot örtüyünün və qaçış zolağının salınmasına başlanılıb. Yaxın zamanlarda əsas stadionda da bu işlərə start veriləcək.
R.Abdullayevin sözlərinə görə, landşaft üçün infrastruktur işləri davam edir. Əsaslı yaşıllaşdırma işlərinə sentyabrda başlanacaq.
Qeyd edilib ki, paytaxtda müasir memarlıq üslubu, xüsusi gözəlliyi ilə seçiləcək, 69 minə yaxın tamaşaçı tutumuna malik Bakı Olimpiya Stadionunun bu tipli idman qurğuları sırasında özünəməxsus yeri olacaq. Beynəlxalq standartlara tam cavab verəcək stadionda müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastruktur inşa ediləcək. Təqribən 50 hektar ərazidə tikilən altımərtəbəli stadion 62 metr hündürlüyündədir.
İnşaat işləri Beynəlxalq Tikinti Standartına, FİFA və UEFA standartlarına uyğun aparılır. Əsas və köməkçi stadionlardan, həmçinin mexaniki binadan ibarət olacaq stadionda VIP, CIP, media, habelə əlil tamaşaçı bölmələri nəzərdə tutulub. Oyun meydançasına 4, tribunalara isə 26 qapıdan giriş olacaq. Olimpiya normativlərinə əsasən insanların stadiona daha çox piyada, ictimai nəqliyyatla gəlmələri nəzərdə tutulub ki, bunun üçün də 3103 yerlik avtomobil parkı inşa edilir. Stadionun ətrafında ümumilikdə 82 min kvadratmetr yaşıllıq sahəsi salınacaq. Bununla da orijinal layihə əsasında inşa edilən Bakı Olimpiya Stadionu dünyanın möhtəşəm və nadir idman qurğularından biri olacaq.
Prezident İlham Əliyev tikinti işlərinin yüksək səviyyədə başa çatdırılması ilə bağlı tapşırıq və tövsiyələrini verib.