Əsas komandamız üçün daha bir mövsüm arxada qaldı.
Güclülər dəstəsində ardıcıl 9-cu mövsümünü keçirən “qırmızı-qaralar” ötənilki kimi bürünc medala sahib çıxdılar. Bu yazıda “Qəbələ”nin 2014/15 mövsümündəki çıxışına nəzər yetirəcəyik.
İlk bürünclə müqayisə
Öncə komandamızın ardıcıl 2 dəfə bürünc medallara sahib çıxdığı mövsümləri müqayisə edək. “Qəbələ” 2013/14- də çempionatda 36 oyundan (18 qələbə, 7 heç-heçə, 11 məğlubiyyət, topların fərqi 48-36) 61 xal toplamışdısa, bu dəfə 32 oyundan (15 qələbə, 9 heç-heçə, 8 məğlubiyyət, topların fərqi 46-35) 54 xal qazanıb. Orta göstərici hər 2 mövsümdə demək olar eynidir – 1,69 xal.
Əslində, komandamız bu mövsüm 60 xal toplasa da, “Araz Naxçıvan” çempionatdan çıxdığına görə onunla oyunlarda qazandığımız 2 qələbəmiz silinib. “Qəbələ” 2013/14 mövsümünü bir baş məşqçi – rusiyalı Yuri Syominlə keçirmişdisə, son mövsümdə Sənan Qurbanovu da nəzərə alsaq, 3 çalışdırıcının rəhbərliyi altında meydana çıxıb. Bu göstəricidə hazırkı baş məşqçi Roman Qriqorçuk hamıdan üstündür – 18 oyun (16 çempionat, 2 kubok). Əvvəlki çalışdırıcı Dorinel Muntyanu 14 matçda (13 çempionat, 1 kubok) iş başında olubsa, köməkçi məşqçi Sənan Qurbanovun hesabında 3 çempionat oyunu var. Komandamız 2013/14-də 32, 2014/15-də 30 futbolçunun xidmətindən yararlanıb. Bunlardan 16-sı yerli, 14-ü əcnəbi futbolçudur. “Qırmızı-qaralar” ötən mövsümdə kubokun finaladək irəliləmişdisə, bu dəfə mübarizəni 1/4 finalda dayandırıb.
2015-ci ilin ən yaxşısı
“Qəbələ” bu ilin ən yaxşı komandası oldu. Bu da 2015-ci ildə Premyer Liqada hamıdan çox – 34 xal toplamasıdır.
Son turadək bu göstəricidə “Qarabağ”la şərikli lider (31 xal) olan komanda yekunda çempionu 3 xal qabaqladı. “Qırmızı-qaralar” ötən mövsümdə ən uzun qələbə (8) və ən uzun məğlubiyyətsiz oyunlar (12) seriyalarınasahibdir. Qələbə ilə bağlı göstərici “Qəbələ”nin tarixində yeni rekorddursa, məğlubiyyətsiz oyunlarda rekord 2011-ci ildə qeydə alınıb – 16 matç.
Cavid ən yaxşımız və Qayın unikallığı
2014/15 mövsümündə “Qəbələ”nin ən yaxşı futbolçusu Cavid Hüseynovdur. Belə ki, millimizin də üzvü olan 27 yaşlı yarımmüdafiəçi həm oyun, həm də qol sayında birincidir. Vitse-kapitanımız matç sayında şərikli lider (hər ikisi 32 oyun) olan Elvin Camalovu dəqiqə sayında qabaqlayıb – 438. 11 dəfə fərqlənən Cavid ən yaxın izləyicisi olan seneqallı hücumçu Viktor Mendidən 3 qol çox vurub. Hüseynov 6 penaltinin hamısını dəqiq yerinə yetirməklə, ötən mövsüm bu göstəricidə ilkə imza atan futbolçu oldu. O, “Qəbələ”nin tarixində bir mövsümdə ən çox qol vuran, ilk “bürünc mövsüm”ünün bombardiri Daniel Subotiçdən 1 top geri qalıb.
Qışda transfer edilən Aleksey Qay unikal göstəriciyə imza atıb. Belə ki, 33 yaşlı yarımmüdafiəçi “Qəbələ”də bütün oyunları əvəz olunmadan keçirib. Bu, 16 çempionat və 2 kubok matçıdır.
Beş dubl müəllifi
Son mövsümdə 10 futbolçumuz rəqib qapısına yol tapıb. Onlardan Dodo (“Simurq”a səfərdə 2:1), Cavid Hüseynov (AZAL-a səfərdə 4:0), Bəxtiyar Soltanov (“Ağsu”ya evdə 3:0) Viktor Mendi (“Sumqayıt”a evdə 2:0) və Ekiqo Ehiosun (“Bakı”ya evdə 3:0) dubl müəllifi oldular. “Araz-Naxçıvan”la oyunların nəticələri ləğv olunduğundan, Cavidlə Pavolun bu komandaya vurduğu qollar da silinib. Komandamızın, kuboku da nəzərə alsaq, 19 qələbəsindən 3-ü böyükhesablı olub. Bu, kubokda 1/8 finala “Ağsu” (3:0), Premyer Liqada AZAL (4:0) və “Bakı”yla (3:0) oyunlardır.
Abışov həm rekordçu…
“Qəbələ”ni kapitan kimi ən çox meydana Ruslan Abışov çıxarıb. Kamran Ağayevin gedişindən sonra 28 yaşlı müdafiəçi 17 dəfə kapitan sarğısını qoluna taxıb. Kamranın hesabında 15 kapitanlıq var. Ruslanın cəzalı olduğu 2 matçda bu məsuliyyət vitse-kapitan
Cavidin çiyinlərinə düşüb. Daha 1 dəfə isə kapitan Mendi olub. Bu, Viktorun “Qəbələ”nin heyətində keçirdiyi son matçda olub. Həmin gün Mendi həm oyun, həm də qol sayına görə “Qəbələ” tarixinə rekordçu kimi düşüb.
…həm də antirekordçu
Maraqlıdır ki, Ruslan həm də antirekordçudur. Bu da onun ötən mövsümdə ən intizamsız futbolçumuz olmasına görədir. 2014/15-də ən çox sarı vərəqə alan məhz Abışovdur – 12. “Qəbələ”nin hesabında 3 qırmızı vərəqə var ki, bunlar da Ruslan Tağızadə, Aleksandru Benqa və Dmitri Bezotosnıya göstərilib. İlk 2 futbolçu çempionatda qələbə qazandığımız səfər matçlarında (müvafiq
olaraq, “Sumqayıt”la 2:0, “Simurq”la 2:1) 2 sarı vərəqəyə görə meydandan çıxarıldılar. Maraqlısı odur ki, Zaqatalada 2 dəfə futbolçumuz qovulub. Komandamızın “Simurq”a bu il 0:2 hesabı
ilə uduzduğu matçda isə Bezotosnı sonuncu ümid foluna görə birbaşa qırmızı vərəqə alıb.
“Qəbələ”nin 2014/15 mövsümündə göstəriciləri
N Futbolçu (ampluası, ölkəsi) Oyun sayı (Premyer Liqa/kubok) Oynadığı ümumi dəqiqə Qol (penaltidən) Vərəqə (Sarı/qırmızı)
1. Cavid Hüseynov (y/m) 32 (29/3) 2668 11 (6) 8 (8/0)
2. Elvin Camalov (y/m) 32 (29/3) 2230 0 9 (9/0)
3. Rafael Santos (m) 31 (28/3) 2762 0 4 (4/0)
4. Ekiqo Ehiosun (y/m) 30 (29/1) 1729 6 4 (4/0)
5. Ruslan Abışov (m) 30 (27/3) 2600 4 12 (12/0)
6. Ürfan Abbasov (m) 28 (25/3) 2427 1 4 (4/0)
7. Viktor Mendi (h) 27 (25/2) 2015 8 4 (4/0)
8. Bəxtiyar Soltanov (y/m)24 (21/3) 1801 4 3 (3/0)
9. Aleksey Qay (y/m) 18 (16/2) 1620 4 2 (2/0)
10. Dodo (y/m) 18 (16/2) 1414 5 3 (3/0)
11. Dmitri Bezotosnı (q) 17 (15/2) 1484 -7 (-1) 1 (0/1)
12. Ruslan Tağızadə (m) 17 (16/1) 1053 0 8 (7/1)
13. Ruslan Fomin (h) 17 (15/2) 681 0 2 (2/0)
14. Kamran Ağayev (q) 15 (15/0) 1350 -20 (-3) 1 (1/0)
15. Adrian Ropotan (y/m) 15 (14/1) 1317 0 11 (11/0)
16. Pavol Farkaş (m) 14 (13/1) 1022 1 4 (4/0)
17. Rəşad Sadiqov (y/m) 14 (13/1) 846 0 2 (2/0)
18. Yazalde Pinto (h) 14 (13/1) 522 0 1 (1/0)
19. Markinyoş (y/m) 13 (12/1) 755 1 1 (1/0)
20. Mixail Sivakov (m) 13 (12/1) 515 0 0
21. Rikardinyo (m) 11 (10/1) 886 0 2 (2/0)
22. Sadiq Quliyev (m) 10 (8/2) 482 0 1 (1/0)
23. Andrey Kristea (h) 8 (8/0) 281 0 1 (1/0)
24. Ruslan Əmircanov (m) 7 (7/0) 630 0 1 (1/0)
25. Aleksandru Benqa (m) 7 (7/0) 596 0 3 (2/1)
26. Müşfiq Teymurov (m) 5 (5/0) 437 0 1 (1/0)
27. Anar Nəzirov (q) 4 (3/1) 316 -8 (-1) 1 (1/0)
28. Murad Musayev (m) 2 (2/0) 2 0 0
29. Qismət Alıyev (y/m) 1 (1/0) 34 0 1 (1/0)
30. Vladimir Levin (m) 1 (1/0) 15 0 0
“Qəbələ” İk qəzeti