“2018-ci ildə “Neftçi”yə gəlmişəm. O vaxta qədər 7 il “Qaradağ Lökbatan”da çalışdım. Mən komandaya gələndə Rza Cəfərov “Qəbələ”dən yeni qoşulmuşdu “Neftçi”yə. O zaman “ağ-qaralar”da U-19 komandasında çalışırdım. Elə oldu ki, qapıçımız zədələndi. Məcbur aşağıdan oyunçu götürməli olduq. O ana qədər Rzanı tanımırdım. İlk məşqinə gələndə hərəkətinə, topla davranışına çox fikir veridim. Baxdım ki, uşaqda heç nə yoxdur, amma ayaqla çox fərqli oynayır. Digər qapıçılardan fərqlənirdi. Ondan sonra məşqçilərindən xahiş etdim ki, hazırlıq üçün daima bizə gəlsin. Elə ilk məşqdən sırf ayaqla oynamağı bacardığı üçün onu komandada saxladım”.
Bu sözləri İdmanxeber.az saytına “Neftçi”nin əvəzedici heyətində qapıçı məşqçisi kimi çalışan Elxan Ağayev deyib. Əsas komandanın qolkiperi Rza Cəfərovun müəllimi olan Ağayev onun barəsində daha sonra belə davam edib:
“Rza çox arıq, cılız uşaq idi, buna görə hətta onu dietoloqa aparmışdım. Dəhşət arıq idi. Həkim ona müəyyən vitaminlər, proteinlər məsləhət gördü. Sonradan düzgün qidalanma ilə 5-6 kiloqram kökəldi. Həmişə tam nəzarətimdə olub. Özümlə hər yerə aparırdım onu. U-17 liqasında oynayanda belə U-19 çempionatına gətirirdim. Orada hər matç 10-15 dəqiqə şans verirdim ki, təcrübə qazansın, yetişsin. Çox şükür ki, indi də tam hazırdır.
“Neftçi”də tək Rza yox, başqa qapıçılar da yetişməkdədir. Əvəzedici heyətdə 3 qapıçımız var ki, hamısı hazırdı. Rəvan Kazımov, Nicat Qaragözlü və Eldar Babayev əsas komanda ilə məşqlərə gedib-gəlirlər. Bu adları yadınızda saxlayın. Bu uşaqlar milli komandaya layiq qapıçılardır. Onu deyim ki, yaxın 10 ildə “Neftçi”yə legioner qapıçı lazım olmayacaq”.
Həsən Quluzadə