Köşə yazıları

Şokda Qurbanov

Demək ki, nə imiş? Azərkeş inananda dəstəyə gəlir. Bu gün Respublika stadionunun tribunaları göstərdi ki, Azərbaycanda ən sevilən klub qeyd-şərtsiz “Qarabağ”dır. Yaxın tarixə qədər belə bir fərləndirmə aparmağa haqqımız yox idi. Ancaq öz varlıqları ilə dərəbəyi xatırladanlar futbolsevəri iyrəndiriblər. Bu gün “Qarabağ” aktualdı. Başqaları haqda başqa vaxt…

***

Qurban Qurbanov “Zalsburq”la ilk matçda necə deyərlər, nə yoğurdu, nə yapdı, hazırca kökə tapdı…. Gəl ki, yeyə bilmədi. Çoxu əlbət, ukraynalı hakimi qınayacaq. Bu ədalətli yanaşma deyil. Sergey Boyko birinci hissədə avstriyalıların ən aparıcı futbolçusunu anlaşılmayan şəkildə meydandan qovdu. “Qarabağ”ın müdafiəçisi Admir Teli isə hələ bundan əvvəl bir-neçə epizodda özünü qeyri-ciddi aparmışdı. O Teli ki, müdafiə xəttinin, hətta meydandakı futbolçuların ən təcrübəlisi idi. Məhz yaşına, təcrübəsinə görə kapitanlıq sarğısını onun qoluna taxmışdılar. Albaniyalının aldığı qırmızı vərəqə tribunadakı onminləri, ekran başındakı yüzminləri söyməkdən başqa bir şey deyildi. Belə vəziyyətdə, “Zalsburq”un dizinin yerdə olduğu vaxtda, Admir rəqib baş məşqçisini obrazlı desək, yerdən qaldırdı.

***

Telinin itkisi əslində sadə məsələ deyildi. Sonradan meydana daxil olan Rəşad Sadıqov oyunu ilə göstərdi ki, həqiqətən də zədədən tam bərpa oluna bilməyib. Nə yazıq ki, simic “Qarabağ” rəhbərliyi müdafiənin mərkəzinə başqa oyunçu da transfer etməyib. Ya da Qurban Qurbanov o fikirdədir ki, İlqar Qurbanovdan cinah müdafiəçisi eləyə bilmişiksə, lazım gəlsə, Namiq Yusifovdan da stoper düzəldərik. Ancaq reallıq başqa şeydi.

Əvvəl ondan başlayaq ki, İlqar Qurbanov əvəzləməsi kökündən səhv addım idi. Bu barədə növbəti ulduzlardan sonra daha ətraflı danışmağa ehtiyac da var. Hələlik onunla razılaşaq ki, Qurban Qurbanov Telinin qovulmasından sonra kənarda şok vəziyyətində qaldı. Oyuna müdaxilələr, bizim güvəndiyimiz, bu komandaya bu futbolu oynadan baş məşqçiyə qətiyyən yaraşmırdı. Rəqib müdafiəsi hər hava topundan sonra öz-özünə darma-dağın olurdu. Reynaldonun ələ keçirdiyi topların heç biri onun ayağına ötürülməmişdi. “Zalsburq”un müdafiəsi sadəcə fiaskoydu. Uzun boylu müdafiəçilər ən yaxşı halda 2 cəhddə top saxlaya bilirdilər. Sənin isə irəlidə sürətli futbolçuların var. Sadəcə oyunu uzun toplara çevirsən, müdafiəçilərinə ötürmə yox, “topu qabağa vurun” tapşırığı versən, yerə düşən hər top bu və ya digər şəkildə Reynaldonun olacaqdı…

***

Oyundan əvvəl dost-tanışla söhbətlərdə bu mövzu təsadüfən açılmışdı. Mən İlqar Qurbanovun orada oynadılsa belə, heç vaxt sağ cinah müdafiəçisi olduğuna inanmıram. Qurbanov onu lap karyerasının sonuna qədər də bu mövqedə oynatsa, xeyri yoxdu, adamda birincisi həmin yerin futbolçusuna xas olan fiziki göstəricilər yoxdur! İkincisi, futbolçunu fiziki göstəriciləri imkan vermədiyi halda 25 yaşından sonra mövqeyə uyğunlaşdırmırlar. Bu məktəb dövrü çoxdan geridə qalıb. Sən İlqardan heç kimə lazım olmayan Azərbaycan çempionatında istifadə edə bilərsən. Deyərsən ki, İlqar çıx, məsələn, yapış Əfran İsmayılova, qoyma “prostrel” eləsin. Problem olmaz, Qurbanov çıxar, bunun sənin üçün edər. Ancaq sən, beynəlxalq səviyyəli oyunda, “Zalsburq” kimi atletik güc, sürət futbolu oyanayan komandaya qarşı İlqarı onsuzda dağılmış, toparlamalı olduğun müdafiə xəttinin sağına qoysan başını ağrıdarsan. Ondan sonra zədəli Rəşadı oyuna salıb müdafiəni beşləsən də, Namiq Yusifovu döyüşə atsan da xeyri olmaz! Sən artıq başını ağrıtmısan, Qurban müəllim. Məndən də yaxşı bilirsən ki, komanda bir orqanizmdi. İnsanın dişi ağrıdı, başı ağrıdı – fərq etməz. Bədəndə ağrı olanda narahatçılıq davam edir.

***

Reynaloq “qırmızı”nı haqq eləmədi. O epizodun ən maksimum cəzası sarı vərəqə idi. İkinci oyunda iki ağır itki var. Telini hansısa şəkildə Rəşad əvəzləyə biləcək. Reynaldonun oynamaması isə ciddi problemdi. Növbəti mərhələ üçün “Qarabağ” Avstriyada mütləq qol vurmalıdı. O qolu kim vuracaq? Mənim cəmi iki variantım var. Ya təsadüfdən, bu günkü kimi – Dias, ya da Leroy Corc!

İlqar Qurbanovu isə hətta imkan varsa, səfər oyununun protokoluna belə yazmamaq məsləhətdi. Baxmayaraq ki, Qurban müəllim bu gün səhvini gördü, yenə də bilmək olmaz, beyni qızar, 89-cu dəqiqədə meydana buraxar. Bu belə ciddi təhlükədi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43