Konfrans Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində sabah səfərdə “Omoniya” ilə qarşılaşacaq “Qarabağ” növbəti ciddi itki ilə üzləşib.
İdmanxeber.az-ın əldə etdiyi məlumata görə, İsmayıl İbrahimli zədələnərək sıradan çıxıb. Ötən gün Bakıda komandanın son məşqində əzələsini dartan yarımmüdafiəçi Nikosiyaya aparılsa da, sabahkı matçda meydana çıxmayacaq. Onun azı 2 həftə yaşıl meydanlardan kənar qalacağı dəqiqdi.
Qeyd edək ki, sentyabrın 30-da GSP stadionunda keçiriləcək “Omoniya” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.