”Zirə” Azərbaycan Kuboku 1/4 final mərhələsinin cavab oyunu çərçivəsində “Səbail”i 3:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
İdmanxeber.az məlumat verir ki, “qartallar”ın baş məşqçisi Rəşad Sadıqov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
– Futbolçularıma təşəkkür edirəm. İlk növbədə Qismətə təşəkkür etmək istəyirəm, ağır günlərində komandanın yanında oldu, oynadı. Bu, komanda üçün əlavə motivasiyadır. Çox ağır oyun keçdi. Hesaba baxmayaraq, rəqib bizi 90 dəqiqə təzyiq altında saxladı. Böyük əzmkarlıq göstərib, vacib qələbə qazandıq.
– Qisməti oynatmamağı düşünürdüz?
– Planda yox idi ki, onu oynadaq. Sadəcə ikinci hissənin 60-cı dəqiqəsindən sonra rəqib o cinahda çox aktiv idi. Özü də oynamağa razılıq verdi. Oynadı. Ondan sonra o cinahdakı problemimiz həll edildi.
– Davit Volkov “Zirə”yə gəlir?
– İki klub arasında danışıq olub. Biz qarşı tərəfdən cavab gözləyirik. Bu gün 12-ə qədər vaxtımız var. İstəyərdik ki, onu heyətimizdə görək.
– İlk oyunda da qələbə qazanmışdız. Həmin görüşlə bugünkü matç arasında hansı fərq oldu?
– “Səbail” elə rəqibdir ki, “Qarabağ”la matçda 5-6 qol epizodu yaradır və qol vurur. O riski gözə alıb, düşündük ki, hücumu biz edək. Qol buraxsaq da, qollar vuraq. “Səbail”lə matçda tam müdafiədən oyun qurmaq mənasızdır. Bu gün çalışırdıq ki, çox qol vuraq.
– Rəhim Sadıxovun qeydə alınmayan qol epizodu haqda nə düşünürsüz?
– Diqqətlə baxmamışam. Epizoda diqqətlə baxdıqdan sonra fikir bildirirəm. Dinamikada ofsayda oxşatmadım. 6 dəqiqə pauza oldu. Oyun nəzarətimizdə idi. Rəqib qol buraxıb, özünə gəlir. Qol sayılmadı, rəqibə motivasiyadır. Bu qərarlar tez verilməlidir. Yəqin ki, çətin epizod idi.
– Ceyhun Nuriyev və Rafael Utziq istədiyiniz səviyyəyə çatıb?
– Hər ikisi istədiyimiz səviyyədədir. Hücumumuzu gücləndiriblər.
– Kubokda iki oyunda 5 qol vurduz, çempionatda isə qol vurmaqda çətinlik çəkirsiz…
– Bu mövsüm ilk oyunumuzdu ki, üç top fərqi ilə qalib gəldik. Bundan da qabaq oyunlar olub ki, epizodlarımız çox olub. Futbolçularıma dedim ki, bu gün son vuruşlarda soyuqqanlı idik deyə, fərqli nəticə oldu. Son vuruşları, ötürmələri daha dəqiq etdik deyə, inamlı qələbə qazandıq.
– Razısız ki, “Zirə” öz oyununu oynayanda hakimlər də aciz olur…
– Bu oyunlar hamının yaddaşında bizimki kimi qalmır. Bir çox oyunları yaxşı keçirsək də, istədiyimizi əldə etməmişik. Oyun olsa, nəticə gələcək. Təsadüf qələbələrin gələcəyi olmur. Daha inamlı olduqda, daha yaxşı oynadıqda, hakim səhvi də gözə görünmür. Ona da güc lazımdır ki, belə məqamlarda rəqiblərdən ekstra güclü olasan. Biz o gücdə deyilik. 6-7 komanda eyni gücdədir.
– Sizcə, avrokuboklara kubokdan, yoxsa çempionatdan daha rahat vəsiqə qazana bilərsiz?
– Görünən odur ki, hər iki tərəfdə güclü rəqabət gedir. Yarımfinala çıxdıq, işimiz daha çətindir. Geniş heyətimiz olsa, daha yaxşıdır. İtkilərdən əziyyət çəkirik. 5-6 oyunçudan məhrumuq. Vladislav Kulaç dünən məşqdə zədələndi. Üç il yarımdır komandadayam, amma nominal hücumçu oynada bilmirəm.
– Kuboku qazanmaq şanslarınızı necə dəyərləndirirsiz?
– Qarşıdakı oyunlara köklənəcəyik. “Araz-Naxçıvan” və “Qəbələ” ilə oyunlarımız gərgin keçib. Hansı yarımfinala çıxsa, hər iki komanda iddialı olacaq. Mərhələnin həlli rəqib meydançasında olacaq. Hazırda məcburuq ki, kuboku kənara buraxıb “Sumqayıt” və “Neftçi” ilə oyunları düşünək.
– Legioner limiti ilə bağlı fikriniz necədir? Hazırkı limit klubların çıxışına nə dərəcədə təsir edir?
– 7+4 yaxşı effekt verdi. Bütün klubların keyfiyyəti qalxdı. Əvvəl məcburiyyətdən 19-20 yaşlı oyunçu oynadırdıq. O aradan qalxdıqdan sonra komandanın keyfiyyəti qalxdı. İndi heç bir komandanı digərindən ayırmaq olmur. Bir “Qarabağ” və “Neftçi”ni çıxmaq şərtilə, belədir. Legionerlərimiz sayı artdı, milli üzvləri də oynayır. 8+3 limitini təhlil etmək lazımdır. Yerli futbolçu yoxdur, qıtlıq çəkirik. Üç oyunçumuz var, onu da icarəyə götürmüşük. Təhlil etmək lazımdır ki, nə qədər oyunçumuz var. 8+3 limitinin heç bir zərəri olmayacaq. Çox ciddi şəkildə yerli qıtlığı var. Heyəti gücləndirmək üçün əvəzedici heyətdən və ya birinci liqadan oyunçu tapa bilmirsən. 4-5 il əvvəl demişdim ki, 3-4 ildən sonra yerli futbolçularla bağlı ciddi problem yaşayacağıq. Bir neçə oyunçu milliləşdi. Fikir verin, klublarımız nə qədər milliləşmiş oyunçulardan istifadə edir.
– Keçən il “Şamaxı” göstərdi ki, ən aşağısı 5-6 yerli oyunçu çıxır. Baş məşqçilərimiz hazır məhsul istəyir…
– Yetərincə yerli oyunçulara şans vermişəm. Azərbaycanda yetişən yerlilərdə rolumuz var. Amma bu gün gənclərə şans versəm, “Neftçi”, “Sabah”, “Qarabağ”la rəqabət aparmalısan. Tələblər belə olanda, sənin də hədəflərin futbolçu yetişdirmək yox, hazır oyunçu götürüb nəticə verməkdi. Məqsədimiz ortalarda qalmaq olarsa, razıyam. Sizin də məndən gözləntiniz o olsa ki, Rəşad yerli futbolçu qazandırsın, hədəfimi o yöndə qoyaram. İstəyirəm ki, nəticə olsun. Onda da hazır futbolçulara üstünlük verirsən. İsmayıl, Rüstəm “Qarabağ”da oynamır. Fuad Bayramov keçən il ilk dəfə yüksək liqada idi. İlkin Muradov, Hacıağa Hacılının da adını çəkərəm.Ceyhun Nuriyev hazır məhsul idi. Legioner tapmaq çətindir, qalmışdı ki, yerli oyunçu.
– Cəlal Hüseynova güvənmisiz. Əvəzedici heyətdə onun səviyyəsində oyunçular var?
– Perspektivli oyunçular var, amma Cəlal səviyyəsində yoxdur.
– Futbolçularınızın tez-tez zədələnməsi nə ilə bağlıdır?
– Eyni sözü bu dəqiqə danışdım. Cibrilla İssa və Vladislav Kulaç bərpa məşqində zədələnib. Xüsusi yükləmə verməmişik. Rüstəm oyun zamanı zədələndi. O da 4-5 gün dincəldi, meydana 10 dəqiqə idi çıxmışdı, zədələndi. Paxtmanın sıradan bir epizodda çarpaz bağları qopdu. Çantakiası qoruduq, 15-20 dəqiqə oynamasını istədik, zədələndi. Məşqçilərlə danışırıq ki, səbəbi nədir. Ya düzgün hazırlaya bilmirik ki, futbolçular zədələnir, ya da yorğunluq olur.