Bu gün “Tour d’Azerbaidjan-2014” veloyürüşünə start verilib. 25 komandanın qatıldığı və 5 mərhələdən ibarət olan yarışın ilk mərhələsi başa çatıb.
Dövlət Bayrağı Meydanından start götürüb, Sumqayıtda başa çatan yürüşün qalibi “Androni Giocatoli” klubunun üzvü hollandiyalı Kenni van Hummel olub. O, növbəti mərhələdə liderin daşıdığı göy köynəklə çıxış edəcək. Ən yaxşı sprinterin yaşıl köynəyi də ona qismət olub.
Ümumi uzunluğu 154 km təşkil edən mərhələdə “Kolss Cyclind Team”in velosipedçisi ukraynalı Vitali Buts 2-ci olub. Bu idmançı ən yaxşı dağ yürüşçüsü kimi qırmızı köynəyə də sahib çıxıb. “Caja Rural-Seguros”da çıxış edən italiyalı David Viqano 3-cü olub. “Synergy Baku”nun ən yaxşı təmsilçisi Maksim Averin 4-cü olub.
Ən yaxşı gənc velosipedçi isə Aleks Frey olub. “Development Team Giant Shimano”nun üzvü ağ-bənövşəyi köynəyə sahib çıxıb.
Veloyürüşün ikinci mərhələsi sabah Bakıdan başlayıb, İsmayıllıda bitəcək. Velosipedçilər finiş xəttinə çatmaq üçün 187 km məsafə qət edəcəklər.