Azərbaycan Premyer Liqasının XI turunda “Simurq”a qarşı oyun “Xəzər Lənkəran” üçün yubileylə əlamətdar olacaq.
İdmanxeber.com-un klubun saytına istinadən yaydığı görə, Lənkəranda keçiriləcək görüşdə meydan sahibləri tarixində 400-cü rəsmi matçına çıxacaq.
“Ağ-yaşıllar” yarandığı 2004-cü ildən indiyədək müxtəlif yarışlarda 399 oyunda qüvvəsini sınayıb. Nəticəsi ləğv olunan və yenidən oynanılan 2 matç nəzərə alınmamaqla, nəticəsi tarixə texniki hesabla düşən 1 matç isə hesaba alınmaqla “Xəzər Lənkəran” 4-cü böyük yubileyin astanasındadır. 10 il ərzində Azərbaycan çempionatı, Azərbaycan kuboku, Superkubok, avrokuboklar və Birlik kubokunda üst-üstə 399 qarşılaşmada azarkeşlər önünə çıxan “Xəzər Lənkəran” 198 qələbə qazanıb, 113 heç-heçə edib və 88 dəfə uduzub. 200-cü qələbənin iki addımlığında olan futbolçular penaltilər seriyaları və texniki nəticədəki hesab (3:0) nəzərə alınmamaqla, 611 top vurub və 341-ni buraxıb.