Xorvatiyanın DÇ-2018-də gümüş medal qazanmış heyətindən 9 futbolçu Azərbaycan ilə 2020-ci il Avropa çempionatının seçmə oyununda iştirak etməyəcək.
İdmanxeber.az-ın məlumatına görə, səbəb cəza və zədə problemləri ilə yanaşı, bəzilərinin beynəlxalq karyeralarını başa vurmalarıdı.
Milliyə İngiltərə “Liverpul”undan dəvət almış müdafiəçi Deyan Lovren cəzalı olduğu üçün Azərbaycanla oyunu buraxacaq. O, Macarıstanla növbəti qarşılaşmada meydana çıxa biləcək.
Mario Mancukiç, Daniel Subaşiç və Vedran Çorluka hələ dünya çempionatından sonra karyeralarını başa vurub.
Nikola Kaliniç hələ mundial vaxtı baş məşqçi Zlatko Daliçlə yaşadığı problemlə əlaqədar yığmadan kənarda qalıb.
İvan Striniç, Yosip Pivariç, Şime Vrsalko və Marko Pyatsa isə zədəlidir. İvan Perişiç, Ante Rebiç və Marselo Brozoviç isə zədə problemini yoluna qoyublar və onların meydana çıxa biləcəkləri açıqlanıb.
Azərbaycanla oyun martın 21-də Zaqrebdəki “Maksimir” stadionunda keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 23:45-də başlanacaq.