27 Dekabr 2024
Ölkə futbolu

Yuri Syomin: “Digər komandalara müraciət edirik ki, biz hakimin fiti olmadan oyunu saxlamayacağıq””

“Bu məsələ ilə bağlı futbolçulara verdiyim tövsiyələr haqda sizləri məlumatlandırmaq istəyirəm. Biz “Fair Play” qaydalarını alqışlayırıq, ona tabe oluruq. Ancaq bu prosesdə futbolçuların söz sahibi olmasına qarşıyıq”. Bunu “Qəbələ”nin baş məşqçisi Yuri Syomin deyib.

Syomin futbolda böyük təcrübəyə malik insan kimi təkcə oyun planında deyil, müxtəlif mövzularda dəyərli fikirləri ilə diqqət mərkəzinə düşür. 2013/14 mövsümünün startından ölkəmizdə fəaliyyət göstərən rusiyalı mütəxəssis açıqlamalarında Premyer Liqanın səviyyəsindən razı qaldığını bildirsə də, çatışmazlıqların olduğunu da gizlətmir. Artıq ölkə futboluna bələd olan çalışdırıcıdan çatışmazlıqlar barədə fikrini öyrəndikdə, oyunlar zamanı “Fair Play” qaydalarının tətbiqindəki problemləri xüsusilə qabardıb.

“Qəbələ”nin saytına açıqlamasında Syomin bu barədə fikirlərini belə izah edib: “Həm “Fair Play”, həm də oyunun dayandırılmasını hakim müəyyənləşdirir. Meydanda futbolçular arasında mübarizə çərçivəsində toqquşma olanda biz oynamağa davam edirik. Fərqi yoxdur, bu bizim, yoxsa rəqibin futbolçusudur. Mən bunu ilk növbədə azarkeşlərə görə deyirəm. Futbolsevərlər stadiona oyunçunun yerdə yıxılıb qalmasını, bir dəqiqə sonra isə heç nə olmamış kimi mübarizəni davam etdirməsini izləmək üçün gəlmirlər. Belə hallar olanda oyunu dayandırmağa məcburuq. Məsələn, “Sumqayıt”la səfər matçımızda 12 belə dayanma olmuşdu. Hər epizodu 40 saniyə ilə götürək, görün, biz azarkeşlərdən, futboldan nə qədər vaxt “oğurlamışıq? Təbii ki, ciddi zədələnən futbolçu olan zaman bunu hətta tribunadakı azarkeşlər də görür və belə məqamda oyunun dayandırılması normaldır”.

Baş məşqçi həm Premyer Liqamızda, həm də öz komandasında sürəti artırmalı olduqlarını bildirib. Syominin sözlərinə görə, hakimin fiti olmadan topu kənara çıxarmaq oyunun tempini aşağı salır: “Toqquşmadan asılı olmayaraq, top bizdədirsə, mübarizəni davam etdirəcəyik. Hakim oyunu dayandırarsa, bu onun hüququdur. Ancaq dayandırmazsa, biz bunu etməyəcəyik. Çünki hakim fitini verməmiş oyunu saxlamaq düzgün deyil. Nə FİFA, nə də beynəlxalq qaydalarda var ki, oyunçular ya komanda yoldaşı, ya da rəqib yerə yıxılanda oyunu dayandırmaqla bağlı özləri qərar versin. Futbolçunun buna ixtiyarı yoxdur. Digər komandaların məsələyə münasibətinə gəlincə, bu artıq onların öz işidir. Bizimlə oyunda necə istəyirlər, elə də etsinlər. Ona görə digər komandalara müraciət edirik ki, biz hakimin fiti olmadan oyunu saxlamayacağıq”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43