Ölkə futbolu

Əhmədov qətiyyət göstərə biləcəkmi?

“Kəpəz”də Tərlan Əhmədovun gedib-getməyəcəyi sual olaraq qalmaqdadı. Gəncə klubunun əksər azarkeşlərinin qəbullana bilmədiyi Əhmədov mövsümboyu dediklərinə görə indi peşmanlıq hissi keçirir. Hansı ki, onun qışda Tovuzda verdiyi açıqlama böyük səs-küyə səbəb olmuşdu. Klub rəhbərliyinin ünvanına səsləndirilən əsaslı-əsassız ittihamlar onun “Kəpəz”də çox duruş gətirə bilməyəcəyinin siqnalı idi.

Əhmədov bir neçə dəfə klubu Premyer Liqada saxlayaraq gedəcəyinə eyham vurmuşdu. Ən son Zirə səfərində ona ünvanlanan “”Kəpəz”də qalacaqsız?” sualına “sizə kim dedi ki, mən getməyəcəm?” cavabı verdi. Ancaq Əhmədovda hadisələrin axarını başqa səmtə yönəltmək manevrləri sezilir. 

Qətiyyəti ilə seçilən Əhmədov getdiyi hər klubda nəticə verib. Hətta “Kəpəz”i Premyer Liqada saxlamaqla bağlı verdiyi vədləri də gerçəkləşdi. Ancaq istər “Neftçi”də, istərsə də “Keşlə”də yaxşı nəticələrinə rəğmən göndərildi. Təbii ki, bu gedişlər səbəbsiz olmadı. Xarakteri onun klubdakı uzunmüddətli fəaliyyətinin qarşısını aldı.

“Kəpəz”də isə situasiya tamam fərqlidi. Reallıq odur ki, burada da o, çoxluq tərəfindən sevilmir. Komandanın əsas sahibləri olan əksər azarkeşlərin qəbul edə bilmədiyi Əhmədov verdiyi sözü tutmaq məcburiyyətində qalıb. O, yaxşı bilir ki, dəfələrlə dilinə gətirdiyi sözə əməl etməsə vəziyyət indikindən də pis olacaq. Aqressivləşmiş azarkeşlər nə ona, nə də onun kollektivi altında çıxış edən komandaya dəstək olmayacaq. Bu da bir başa nəticələrə təsir etmiş olacaq. Belə olacağı halda ilk dəfə Əhmədov nəticə verə bilməmə təhlükəsi ilə üz-üzə qalacaq. Və mənfi nəticələr fonunda həm özü, həm də Gəncə futbolu  məğlubiyyətdən qaça bilməyəcək.

Azərbaycan futbolununda özünəməxsus çəkisi, işi olan Əhmədovdan gözləntilər çoxdu. Ancaq bu məsələdə onun xarakter göstərməsi vacibdi. Sevilmədiyin yerdə qalmaq kimi bir məcburiyyətiniz yoxdu. İllərdi qazandığınız nüfuzu boşa vermə təhlükəsi qapıdadı, Əhmədov. Ya sözünüzə əməl edin, ya da sizdən narazı olan böyük camiəni qarşınıza alın. 

Sözlər fikirlərimizin qiyafətləridir. Sözünüzü tutub-tutmayacağınız isə öz işinizdi.

İdmanxeber.az


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43