Layihə

13 turun maraqlı anları: 2 oyunda, 2 qapıçı (LAYİHƏ)

Topaz Premyer Liqasında 13 tur geridə qalıb. Başa çatan 13 tur ərzində maraqlı iki diqqət çəkən məqamla sizi tanış edirik

Hay-həşirlə komandasına kömək edənlər


Premyer Liqanın geridə qoyduğumuz turlarında maraqlı məqamlardan biri də meydana çıxmayan, ancaq oyun zamanı ehtiyat oyunçular skamyasında əyləşən futbolçuların cəzalanmasıdı. 

Cari mövsümdə ilk belə hal TPL-in elə 1-ci turunda yaşandı. “İnter” – “Qarabağ” matçında meydan sahiblərinin üzvü Orxan Sadıqlı hakimin qərarına etiraz etməsi onun meydanda olmamasına rəğmən görüşün 44-cü dəqiqəsində sarı vərəqə alaraq cəzalanması ilə nəticələnib.

Geridə qalan 13 turun hələlik sonuncu belə məqamı da qapıçının cəzalanması ilə nəticələnib. Belə ki, IV turda Ramil Diniyevin idarə etdiyi ”Kəpəz” – “Zirə” matçında qonaqların heyətində meydana çıxmayan qapıçı Kamal Bayramov hakimin qərarına etiraz edərək sarı vərəqə ilə cəzalanan futbolçu olub.

Yalnız “Qarabağ”ın görüşlərində…

Geridə qalan turlarda daha bir diddət çəkən məqam isə iki matçda hakimin heç bir futbolçunu cəzalandırmamasıdı. Bunun daha maraqlı tərəfi isə “Qarabağ”ın iştirakı ilə keçirilən oyunlarda hakimin əlini cibinə aparmaması olub.

Cari mövsümün 2-ci turunda keçirilmiş “Sumqayıt” – “Qarabağ” matçında heç bir futbolçu cəzalanmayıb, Matçın baş hakimi Rəvan Həmzəzadə 2 qolun qeydə alındığı və qonaqların qələbə qazandığı qarşılaşmada əlini bir dəfə də olsun cibinə aparmayıb.


Maraqlıdır ki, “Qarabağ”ın bundan sonrakı matçında da vərəqə qeydə alınmayıb. Ağdam klubunun “Neftçi” üzərindəki darmadağınında (3:0) baş hakim Əliyar Ağayev heç bir futbolçuya sarı vərəqə belə göstərməyib. 

Premyer Liqada fasilənin yaranmasına cəmi 1 tur qaldı. Geridə qoyduğumuz turlarda baş verən maraqlı məqamlarla sizi tanış etməkdə davam edəcəyik.

Fariz Əkbərov

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”.




İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43