Kateqoriyasız

Qəbələdə yubiley matçı

Milli komandaların oyunları ilə əlaqədar Premyer Liqada yaranan fasilə bu həftə keçiriləcək XIV turun matçları ilə başa çatacaq. 
Turun açılış oyunu noyabrın 22-də Qəbələdə baş tutacaq. 12 gündən sonra meydana çıxacaq Yuri Syominin komandası öz meydanında AZAL-ı qəbul edəcək.

Mövsümün VI turuna təsadüf edən I dövrənin oyununda rəqibini 2:1 hesabı ilə məğlub edən “Qəbələ” öz meydanında da 3 xal qazanmağa çalışacaq. “Qara-qırmızılar” üçün bu görüş “təyyarəçilər”ə qarşı yubiley matçıdır. Belə ki, rəqiblər indiyədək 19 dəfə görüşüb.

20-ci duelə qədər “Qəbələ” ilə AZAL 15 dəfə Premyer Liqada, 4 dəfə kubokda görüşüblər. Cari mövsümdə uğursuzluq zolağına düşən və ardıcıl 8 turdur qələbə həsrətində olan bakılılar əyalət təmsilçisi ilə matçlarda üstünlüyə malikdir. Belə ki, paytaxt təmsilçisinin hesabında 8 qələbə var. 5 dəfə meydanı qalib kimi tərk edən Qəbələ klubu isə 6 dəfə də bərabərliklə kifayətlənib. Top fərqində də üstünlük paytaxt futbolçularının tərəfindədir – 28:15.

AZAL-la oyunlarda “Qəbələ”nin heyətində ən çox fərqlənən Kənan Kərimovdur. Onun hesabında 3 qol var. Kristian Torreslə Fərxad Hatəmi isə 2 qolun müəllifidir. Baş tutan matçlardakı yeganə avtoqol AZAL-da oynamış Alves dos Santosun hesabındadır.

Bakılılarla qarşılaşmalarda 10-cu dəfə ev sahibi kimi olacaq “Qəbələ” 2007-ci ildən sonra qonaqlara məğlub olmayıb. İlk 2 dueldə uduzan “qırmızı-qaralar” ardıcıl 7 ev matçında ən azı 1 xal qazanıb. Qəbələdəki son 3 görüşdə isə qalib müəyyənləşməyib.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43