İdman

Qurbanovun qəzəbinə tuş gələn futbolçu “Qarabağ”dan ayrıla bilər

Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində səfərdə “Sumqayıt”a minimal hesabla qalib gələrək ardıcıl 5-ci ölkə çempionluğunu rəsmiləşdirən “Qarabağ”ın futbolçusu yeni mövsümdən etibarən karyerasını ölkə xaricində davam etdirə bilər.

İdmanxeber.com-un əldə etdiyi məlumata görə, söhbət Ağdam təmsilçisinin 26 yaşlı müdafiəçisi Elvin Yunuszadədən gedir. İnformasiyanı ötürən mənbə Elvinin legioner həyatı yaşaya biləcəyini bildirib. Məsələ ilə bağlı saytımıza danışan Yunuszadə isə xəbərimizə bu cür reaksiya verdi:

“Azərbaycan çempionatı hələ başa çatmayıb. Qarşıda 4 tur var. Keçirəcəyimiz görüşlərə köklənəcəyik. Qaldı ki, təkliflərə, ortada dəqiq söhbət yoxdu. 1-2 variant var, sadəcə rəsmi deyil. Nə zaman ki, mövsüm başa çatacaq, mən də oturub rəhbərliklə, Qurban müəllimlə söhbətləşəcəm və taleyimə aydınlıq gələcək. Hazırda “Qarabağ” ailəsinin üzvüyəm”.

Bəs Elvin özü necə, legioner həyatı yaşamaq istəyir?

“Əlbəttə, hər bir futbolçunun arzusudu ki, Avropada çıxış etsin, ölkəsini layiqincə təmsil etsin. Ancaq mənim üçün ən xeyirli qərar nə olacaq, bunu rəhbərliklə, baş məşqçimlə məsləhətləşdikdən sonra dəqiqləşdirəcəm. Bununla belə hər azərbaycanlı futbolçu kimi mən də istəyərəm ki, sözün ən yaxşı mənasında ölkəmizdən söz etdirim”.

Qeyd edək ki, bir müddət əvvəl milli komandamızın düşərgəsində olan Elvin Yunuszadə məşqə gecikdiyi üçün Qurban Qurbanov tərəfindən cəzalandırılmışdı.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43