Ölkə futbolu

“Azərbaycan millisi bizi təəccübləndirə bilər” – xorvatiyalı futbolçu

“Heyətimizdə zədəli futbolçuların çox olması sadəcə, təsadüfdür. Buna baxmayaraq, Azərbaycan və Macarıstanla oyunlarda, heç şübhəsiz, favorit bizik. Amma işimizin asan olmayacağı dəqiqdir”.

Bu sözləri Xorvatiya millisinin üzvü Borna Barişiç ölkəsinin “jutarnji.hr” saytına müsahibəsində deyib. Avro-2020-nin seçmə mərhələsinin ilk iki turunda Azərbaycan və Macarıstanla keçirəcəkləri oyunlardan danışan Şotlandiya “Reyncers”sinin müdafiəçisi hər iki qarşılaşmaya ciddi yanaşmalı olduqlarını söyləyib:

“Əgər oyuna 100 faiz hazır olmasaq, meydana arxayın çıxsaq, hər bir rəqib bizi təəccübləndirə bilər. Keyfiyyətlərimizi bildiyim üçün hər hansı problemin olacağını düşünmürəm. Məsuliyyəti üzərimizə götürməliyik. Komandamızın potensialına şübhə etmirəm. Hamımız peşəkar oyunçularıq. Komanda yoldaşlarımız böyük klublarda çıxış edirlər. Hər iki oyunu udmaq lazımdır”.

Qeyd edək ki, Xorvatiya millisi Azərbaycanla martın 21-də Zaqrebdə, Macarıstan yığması ilə martın 24-də Budapeştdə üz-üzə gələcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43