Ölkə futbolu

AFFA “İnter”dəki qalmaqala aydınlıq gətirdi

AFFA tərəfindən “İnter”ə təyin olunmuş idman direktoru Torsten Şpittlerin fəaliyyəti qısa olub. Almaniyalı mütəxəssisin işi klub rəhbərliyini razı salmayıb. Ona görə də Şpittler təxminən 1 həftə əvvəl “İnter”i tərk etməli olub.  Almaniyalı artıq uzun müddətdi ki, idman direktoru axtaran “Bakı”da peyda olub.

AFFA paytaxt klubuna təyin edilən idman direktoru ilə bağlı yaranan qalmaqala mövqeyini açıqlayıb:

“Topaz Premyer Liqasında çıxış edən klublara AFFA tərəfindən idman direktorlarının təyin olunması ilə bağlı qərar İcraiyyə Komitəsinin 18 dekabr 2013-cü il tarixli iclasında qəbul olunub. Bu günə qədər qərar belə demək mümkünsə, 70 faiz icra olunub.

Başqa sözlə, premyer liqa klublarının 7-də AFFA-nın təyin etdiyi idman direktorları fəaliyyət göstərir. “İnter” klubu ilə bağlı məsələyə gəlincə, digər klublarla yanaşı, “İnter”in rəhbərliyi ilə bu mövzuda söhbət olub. Klubun kənar idarəçisi Georgi Nikolov AFFA-nın baş katibi Elxan Məmmədov və texniki direktor Bernhard Lippertlə əlaqə saxlayaraq idman direktoru ilə bağlı ətraflı müzakirə aparıb. Bundan əlavə, G. Nikolov baş katib və texniki direktora zəng edərək “İnter” klubuna məhz almaniyalı idman direktorunun təyin olunmasını xahiş edib. Torsten Şpittlerin təhsili, təcrübəsi və futbol biliyi nəzərə alınaraq “İnter”ə idman direktoru təyin olunub və onun təqdimatında AFFA-nın texniki direktoru B. Lippert də iştirak edib.

Georgi Nikolov həmin görüşdə yeni idman direktoru ilə görüşərək hər cür şərait yaradılacağına, onun fəliyyəti ilə bağlı klubun uşaq məşqçilərinə müvafiq göstəriş verəcəyinə söz verib. Lakin qısa müddətdən sonra “İnter”in Uşaq və Gənclərin İnkişafı Layihəsinin rəhbəri Valentin Xodukin Torsten Şpittlerin fəaliyyətinə maneçilik törətməyə başlayıb. Bununla bağlı baş katib Georgi Nikolovla danışıb və məlum olub ki, məsələ ilə bağlı klubda G.Nikolova yanlış məlumatlar verilir. Bununla belə, G. Nikolov V.Xodukinin T.Şpittlerə yaratdığı maneələrin qarşısını ala bilməyib və AFFA qərara alıb ki, almaniyalı mütəxəssis fəaliyyətini “Bakı” klubunda davam etdirsin. Çünki AFFA onun kimi təcrübəli mütəxəssisin ölkəmizdə çalışmasının səmərəli olacağına inanırıq. T. Şpittler hazırda “Bakı” klubunda idman direktoru kimi yeni sistemin tətbiqinə başlayıb və uğurla çalışır.

Təbii ki, “İnter” klubunda baş verənlər İcraiyyə Komitəsinin hesabatında öz əksini tapacaq. Hazırda AFFA tərəfindən “İnter”ə idman direktoru təyin olunmaq üçün digər mütəxəssisin axtarışı davam edir.

Məlum olduğu kimi, idman direktorlarının bütün xərcləri AFFA tərəfindən ödənilir. Bununla yanaşı, müvafiq qərara uyğun olaraq uğurlu layihə tətbiq edən klublara AFFA maliyyə yardımı da göstərəcək. Maraqlıdır ki, futbola həm də biznes layihə kimi yanaşmağın vacib olduğu bir dövrdə “İnter” klubu faydalı bir prosesi ləngidir.

AFFA-nın İcraiyyə Komitəsinin qəbul etdiyi hər hansı qərarın icrasının qarşısını heç bir klub ala bilməz. Hazırda digər klublarda yeni idman direktorları uğurla fəaliyyət göstərir və klubların rəhbərliyi AFFA ilə mütəmadi əlaqə saxlayaraq bununla bağlı razılığını bildirir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43