İdman

AFFA “Qəbələ”nin apellyasiya şikayəti ilə bağlı qərarını verdi

Bu gün AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib. 


İdmanxeber.com-un məlumatına görə, aparılmış müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul edilib.
 
1. AFFA-nın İntizam Komitəsinin “Qəbələ” klubunun rəsmi şəxsləri Zaur Əzizov, Səbuhi Səfiyarlı, Səməd Nəsibov və Səbuhi Qarayev barəsində çıxardığı 29 saylı, 02 mart 2017-ci il tarixli qərar qüvvədə saxlanılsın.

2. 2016/2017 futbol mövsümü çərçivəsində XXV Topaz  Premyer Liqasının XX turunun 28 fevral 2017-ci il tarixində keçirilən “Kəpəz” – “Qəbələ” oyunu zamanı qeydə alınan qayda pozuntusuna dair “Qəbələ”nin futbolçusu Nika Kvekveskiri barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi 02 mart 2017-ci il tarixli qərar qismən dəyişdirilsin. Barəsində intizam tədbiri kimi 6 aylıq sınaq müddəti təyin olunmaqla, futbolçu verilmiş 3 oyunluq cəzanın qalan müddətini çəkməkdən şərti olaraq azad olunsun. 6 aylıq sınaq müddəti ərzində futbolçu Nika Kvekveskiri analoji hərəkətlərə yol verəcəyi təqdirdə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun. 

3. 2016/2017 futbol mövsümü çərçivəsində XXV Topaz  Premyer Liqasının XX turunun 28 fevral 2017-ci il tarixində keçirilən “Kəpəz” – “Qəbələ” oyununun birinci hissəsindən sonra qeydə alınan qayda pozuntusuna dair “Qəbələ”nin həkimi Namiq Hüseynov barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi 02 mart 2017-ci il tarixli qərar qismən dəyişdirilsin. Barəsində intizam tədbiri kimi 6 aylıq sınaq müddəti təyin olunmaqla, həkim verilmiş 5 oyunluq cəzanın qalan müddətini çəkməkdən şərti olaraq azad olunsun. 6 aylıq sınaq müddəti ərzində həkim Namiq Hüseynov analoji hərəkətlərə yol verəcəyi təqdirdə, ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.    

4. AFFA-nın Hakim-İnspektorlar Komitəsinə bu oyunun təşkili zamanı baş vermiş pozuntu hallarının araşdırılması barədə AFFA-nın Apellyasiya Arbitraj Tribunalına dərhal məlumat verməsi tapşırılsın və gələcəkdə bu cür halların baş verməməsi təmin edilsin.  



İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43