Ölkə futbolu

“Araz” “Barselona”ya rəqib oldu

Bu gün Hilton otelində futzal üzrə UEFA kubokunun final mərhələsinin püşkatma mərasimi keçirilib. Tədbirdə əvvəlcə Bakı şəhərinin Avro-2020-nin oyunlarına ev sahibliyi etmək üçün namizədliyi ilə bağlı hazırlanmış videoçarx nümayiş etdirilib. Sonra istedadlı fortepiano ifaçısı Aysel Məmmədova bir neçə musiqi əsəri səsləndirib.

AFFA-nın baş katibi Elxan Məmmədov çıxış edərək mərasim iştirakçılarını salamlayıb, Bakı şəhərinin son illərdə idman mərkəzlərindən biri kimi tanındığını qeyd edib, yaxın gələcəkdə ölkəmizin paytaxtında bir neçə mötəbər turnirlərin təşkil olunacağını, futzal üzrə UEFA kubokunun final mərhələsinin də belə yarışlardan biri olduğunu deyib.

UEFA-nın Qadın və Futzal Yarışlarının rəhbəri Mikael Salzer püşkatmanın qaydaları barədə ətraflı məlumat verdikdən sonra səhnəyə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts dəvət olunub. B.Foqtsun iştirakı ilə keçirilmiş püşkün nəticəsinə görə futzal üzrə UEFA kubokunun 1/2 final mərhələsində “Kayrat” (Qazaxıstan) Rusiyanın “Dinamo” klubu ilə, Azərbaycan təmsilçisi “Araz” isə İspaniyanın “Barselona” komandası ilə qarşılaşacaq.

Xatırladaq ki, Futzal üzrə UEFA kubokunun final mərhələsinin oyunları aprelin 24-də və 26-da Sərhədçi İdman Olimpiya Mərkəzində keçiriləcək.

Püşkatma mərasimindən dərhal sonra “Kayrat”, “Dinamo”, “Araz” və “Barselona” klublarının nümayəndələrinin iştirakı ilə mətbuat konfransı təşkil olunub.(affa.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43