Dünya futbolu

Azərbaycanlı azarkeşlər “Arsenal”ı dəstəkləyəcək: “Oyun günü qonaq tribunasındayıq”

“Oyun günü qonaq tribunasında sevimli komandamıza dəstək olacayıq”

UEFA Avroliqasının qrup mərhələsinin ikinci oyununda “Qarabağ” komandası doğma meydanda “Arsenal” klubu ilə qarşı-qarşıya gələcək. Ağdam təmsilçisinin rəsmi saytından verilən məlumata görə, artıq “Köhlən Atlar”ın oyununa 50 minə yaxın bilet satılıb. Görünən odur ki, oyun günü Bakı Olimpiya Staionunda təmsilçimiz böyük bir azarkeş kütləsinin dəstəyi ilə oynayacaq.

Komandamızla yanaşı London təmsilçisinin də stadionda dəstəkçiləri olacaq. Ötən günlərdə İngiltərədən “Arsenal”ı dəstəkləmək üçün Bakıya 500-ə yaxın azarkeşın gələcəyini bildirmişdik. Lakin “Topçular”ın azarkeşlərinin içərisində yalnız ingilislər yox, azərbaycanlılar da olacaq. Belə ki, 2006-cı ildən ölkəmizdə rəsmi şəkildə fəaliyyət göstərən “Arsenal” komandasının Fan-Klubu öz sevimli komandalarına dəstək üçün stadionda olcaqlar. Elə bu səbəbdən Fan-klub rəhbəri Elşən Abdullayevlə əlaqə saxlayaraq oyun üçün xüsusi bir hazırlıqlarının olub-olmadığını soruşduq. Elşən bəy hər oyun olduğu kimi, bu oyun da “Arsenal”ı dəstəkləyəcəklərini bildirdi:

“Bizim üçün fərqi yoxdur. Biz hər zaman öz komandamızı dəstəkləyirik. Oyun günü də qonaq tribunasındakı yerimizi alıb, sevimli klubumuzun qələbə qazanmasını istəyəcəyik. Təxminən 80-ə yaxın fan-klub üzvümüz var. Ancaq oyun günü 300 nəfərlə stadionda olacayıq”.

E.Abdullayev futbolsevərlərin onlara öz təmsilçimizi qoyub, ingilislərə azarkeşlik etdiklərinə görə tənqid etmələrinə də münasibət bildirib:

“Bu, sadecə idmandır. Bizim “Qarabağ”la düşmənçiliyimiz yoxdur, əksinə onların uğur qazanıb, qrupdan çıxmasını istəyirik. Lakin biz uzun illərdir “Arsenal” azarkeşiyik.Təbii ki, onların qələbə qazanmasını istəyirik. Ancaq onu da qeyd edim ki, “Qarabağ”ın qrupdan çıxmasını üçün heç-heçə də bizim üçün sevindirici nəticə olar”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43