Ölkə futbolu

Azərbaycan çempionatlarının 33-cüsü

Topaz Premyer Liqasının XX turu AZAL-ın futbolçusu Rəşad Abdullayev üçün əlamətdar olub. Paytaxt təmsilçisinin kapitanı Azərbaycan çempionatlarında özünün 50-ci qolunu vurub. “Qəbələ” ilə səfər oyununda komandasına qələbə qazandıran (1:0) qolu penaltidən vuran yarımmüdafiəçi bu qarşılaşmayadək iştirakçısı olduğu 325 görüşdə 49 dəfə fərqlənmişdi. Mövsümdəki 5-ci qol isə ümumilikdə 50-ci olub.

İlk qolunu 2000-ci il aprelin 16-da “Xəzər Universiteti” – “ANS-Pivani” matçının (1:0) 33-cü dəqiqəsində vuran Abdullayev 5 komandanın heyətində fərqlənib. Hazırda “İnter” adlanan “Xəzər Universiteti” və “Xəzər Lənkəran”ın hərəsində 12, “Neftçi”də 16, “Qəbələ” və AZAL-ın hərəsində 5 dəfə rəqib qapılarına yol tapıb. 50 və daha çox qol vuran digər oyunçular isə ya karyerasını bitirib, ya da çempionatda çıxış etmir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43