İdman

“Bakı-2015” ilk beynəlxalq idman elçilərini elan etdi

Bu gün “Bakı-2015” Avropa Oyunları gələn yay keçiriləcək Oyunlar üçün idman elçisi seçilmiş beynəlxalq idmançıları təqdim edib.

idmanxeber.com-un məlumatına görə, yüksək səviyyəli idmançılar öz idman növlərini təmsil etmək üçün seçilib və İlk Avropa Oyunlarını təşviq etmək məqsədilə bütün qitədə keçiriləcək marketinq kampaniyalarına cəlb olunacaqlar.

Fransalı bədii gimnast Kseniya Moustafayeva və danimarkalı kanoe sprintçisi Rene Holten Poulsen, o cümlədən serbiyalı Duşan Domoviç Bulut, Marko Saviç, Marko Zdero və Dejan Majstoroviçdən ibarət basketbol 3×3 komandası idman elçiləri təyin ediliblər.

“Bakı-2015” Avropa Oyunları Əməliyyat Komitəsinin əməliyyatlar üzrə baş direktoru Saymon Kleq bildirib: “Elçi proqramının məqsədi bütövlükdə Avropadan olan yüksək səviyyəli idmançıların, o cümlədən azərbaycanlı medal namizədlərinin İlk Avropa Oyunlarına dəstəyini təmin etməkdir və biz bunun uğurlu olacağına inanırıq. Mən ilk beynəlxalq idman elçilərini təbrik edirəm və biz həm onlarla, həm də “Bakı-2015″i təşviq etmək üçün növbəti aylarda elan ediləcək digər elçilərlə işləməyi səbirsizliklə gözləyirik”.

Altı nəfər idmançı Avropa Oyunlarını təşviq etmək üçün öz vətənlərində və sosial mediada genişmiqyaslı marketinq kampaniyalarında iştirak edəcəklər.

Dünyanın ən uğurlu oyunçularından biri sayılan 29 yaşlı D.Domoviç deyib: “3×3 formatlı basketbol kimi innovativ bir idman növünün Avropa Oyunlarına daxil edilməsi olduqca həyəcanvericidir və biz azarkeşlərin bu oyunun sürətini və imkanlarını bəyənəcəyindən əminik. Bakı 2015-də Avropanın digər nüfuzlu komandaları ilə yarışmağı səbirsizlikıə gözləyirik”.

19 yaşlı xanım K.Moustafayeva bildirib: “Bakı-2015″də gimnastikanı təmsil edəcəyim üçün çox həyəcanlıyam. Gimnastikanın hər 5 bölməsinin təmsil olunduğu Avropa Oyunlarının Avropanın ən yaxşı idmançılarının iştirak edəcəyi möhtəşəm bir tədbir olacağına əminəm”.

2008-ci ildə Pekin Olimpiya Oyunlarında gümüş medal qazanmış 26 yaşlı R.H.Poulsen söyləyib: “Bakı 2015-də keçiriləcək kanoe sprinti yarışlarının yaddaqalan olacağı şübhəsizdir və İlk Avropa Oyunlarında bu idman növü üzrə elçi təyin olunmağım olduqca qürurvericidir”.

“Bakı-2015” bu yaxınlarda 11 nəfər azərbaycanlı idman elçisini təqdim edib və yaxın gələcəkdə daha çox sayda beynəlxalq idman elçisinin elan edilməsi nəzərdə tutulub.

Qeyd edək ki, 2015-ci ilin 12-28 iyun tarixlərində keçiriləcək “Bakı-2015” Avropa Oyunları Avropa qitəsi üçün çoxsaylı idman növləri üzrə baş tutacaq çox maraqlı və innovativ yarışlar olacaq.

“Bakı-2015” Avropa Oyunları ümumilikdə 20 idman növü üzrə keçiriləcək: bunlardan 16-sı Olimpiya idman növü, dördü qeyri-olimpiya idman növü olacaq. Avropanın müxtəlif ölkələrindən 6000-dən çox idmançının 17 yarış günü müddətində öz ölkələrini təmsil edəcəyi gözlənilir.

On bir idman növü 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunları üçün seçmə yarışlara imkan yaradacaq. Həmin idman növlərinə oxatma, yüngül atletika, boks, velosiped idmanı, atıcılıq, üzgüçülük, stolüstü tennis, taekvondo, triatlon, güləş və voleybol daxildir.

Avropa Oyunlarının keçirilməsi 2012-ci ilin dekabr ayında Avropa Olimpiya komitələri (AOK) tərəfindən Bakı şəhərinə həvalə olunub. Bakı Avropa Oyunları Əməliyyat Komitəsi (BEGOC) AOK ilə əməkdaşlıq çərçivəsində Oyunları təşkil və idarə edəcək. (trend.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43