Kateqoriyasız

“Bakı”nın futbolçusu etiraf etdi: “Rəqib oyunçulara toxunmağa qorxuruq”

“Komandada ab-hava elə də yaxşı deyil. Ancaq hər kəs özünü göstərmək üçün var gücü ilə mübarizə aparacaq. “Neftçi” ilə oyunda ən azı bir xal qazanmağa çalışacağıq. Mövsümün sonuna yaxınlaşırıq. Uşaqlar da istəyir ki, özlərini yaxşı tərəfdən göstərərək digər klubların diqqət mərkəzində olsun. Bu oyunlar bizim gələcəyimizdi”.

Bu sözləri idmanxeber.com-a açıqlamasında “Bakı”nın futbolçusu Ülvi Süleymanov deyib.

Paytaxt klubunun gənc üzvü bu gün “Neftçi”ylə baş tutacaq oyundan danışarkən, hakimlərin onları çox “sıxdığını” bildirib:

“Hakimlər bizi həddindən artıq çox sıxır. Yoxlama matçlarında belə bizə qarşı haqsızlıq olunur. Artıq rəqib oyunçulara toxunmağa qorxuruq. Bunun sübütü “İnter”lə oyun… Həmin matçda 3 qırmızı vərəqə aldıq. Ümid edirik ki, “Neftçi” ilə oyunda belə olmaz və biz komanda olaraq hakimlikdən razı qalarıq”.

Qeyd edək ki, “Neftçi” – “Bakı” matçı bu gün saat 17:00-da “Bakcell Arena”da keçiriləcək.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43