Müsahibə

Baqali Dabo: “Çempionluq şanslarımız davam edir”

Azərbaycan Premyer Liqasının XXII turunda “Neftçi” öz meydanında “Qəbələ”ni  1 – 0 hesabıyla məğlub edib.

İdmanxeber.com-un məlumatına görə, oyundan sonra “qırmızı-qaralar”ın hücumçusu Baqali Dabo əməkdaşımızın suallarını cavablandırıb:

– “Neftçi”yə məğlub oldunuz. Və liderliyinizi əldən verdiniz. Həmin oyun haqda nə deyə bilərsən?

– Məncə, oyuna yaxşı başlaya bilmədik. “Neftçi” bizə qarşı çox yaxşı oynadı. Son dəqiqələrdə meydanda ən yaxşı olan tərəf olsaq da, istəyimizə nail ola bilmədik. Çox təəssüf.

– “Neftçi”nin digər oyunlarda zəif, sizə qarşı isə yaxşı oynadığını düşünmürsən?

– Birdaha bildirim ki, “Neftçi” bizə qarşı yaxşı oynadı. Digər qarşılaşmalarda da yaxşı oyun sərgiləmişdilər. Ancaq bizə qarşı daha yaxşı oynadıqlarını düşünürəm. Sadəcə, “Neftçi”nin son zamanlar 1 oyununu görmüşdüm, o da “Zirə”yə qarşı. Həmin görüşdə “Neftçi” yaxşı oynasa da, 1:2 hesabı ilə məğlub olmuşdu. Fikrimcə, “Zirə” ilə oyunda necə oynamışdılarsa, bizə qarşı da elə mübarizə apardılar.

– “Neftçi”yə qol vura bilməməyinizə səbəb nə idi?

– Qol vurmaq üçün şanslarımız olsa da, istifadə edə bilmədik.

– Bu məğlubiyyət “Qəbələ”ni çempionluqdn edə bilər?

– Düşünmürəm. Qarşıda bir neçə matçımız var və həmin oyunlara qələbə üçün çıxacağıq. Çempionluq şanslarımız davam edir. Bizim qarşıda əsas rəqibimiz “Qarabağ”la oyunumuz var, həmin oyunda qələbə qazanmağa çalışacağıq. Məqsədimizdən dönən deyilik.

– Necə düşünürsən, çempionluğun taleyinə “Qarabağ” – “Qəbələ” oyununda həll olunacaq?

– Məncə, belə olacaq. Həmin qarşılaşma finala bərabər bir oyun olacaq. Ümid edirəm ki, həmin matçda biz qalib gələcəyik.

– Premyer Liqanın XXII turunda bütün oyunlarda eyni hesab qeydə alındı. Nə vaxtsa belə nəticə ilə qarşılaşmışdın?

– Deməli, bütün oyunlar çətin keçib. “Qarabağ” AZAL-a yalnız 1 qol vur bilib. Demək ki, AZAL da güclü oyun sərgiləyib. “Neftçi” də bizə qarşı yaxşı oyun sərgilədi. Belə nəticəyə gəlmək olar ki, çətin və yaxşı oyunlar olub.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43