Kateqoriyasız

Böyükağa Hacıyev: “Oyun bir qapıya getdi”

“Bu oyunun şərhə ehtiyacı yoxdur, vacib olan üç xalı qazandıq. Çoxsaylı qol imkanlarından istifadə edə bilmirdik, yekunda Nfor fərqlənə bildi. Hakimlər barəsində ümumiyyətlə danışmaq istəmirəm, cərimə meydançasında Nforu yıxdılar, təmiz penaltimiz verilmədi. Bu il buna alışmışıq. Əvvəllər deyirdilər ki, “Neftçi”ni irəli çəkirlər, amma bu gün “Neftçi”ni sıxırlar. Hesabımızda 51 xal var, öz yolumuza davam edirik. Kubokda iddialıyıq, bu komandaların içində yeganə yerli məşqçi mənəm. Bacardığımız yerə qədər gedəcəyik”. 

İdmanxeber.com-un məlumatına görə, bu sözləri “Neftçi”nin baş məşqçisi Böyükağa Hacıyev deyib.

Paytaxt klubunun çalışdırıcısı daha sonra sözlərinə belə davam edib:

“Rəqibin 100 faizlik epizodu olmadı, oyun bir qapıya getdi. Mən 10 gün əvvəl demişəm ki, “böyük oyun” söhbətini yığışdırın. Bu “Böyük oyun”dan çox küçə savaşına bənzəyir. Qorxurdum ki, uşaqlar yenə nəzarətdən çıxar. “Xəzər Lənkəran”a 5 qol vuracam demişdim, deməmiş olum. 2-3 min azarkeşi stadiona buraxmadılar. Polislər azarkeşi stadion boyu qovurdu. Təzyiq necə olur? Futbola gözəllik verən azarkeşlərdir, bilmirəm ki, onları stadiona niyə buraxmırlar. “Neftçi”yə qarşı böyük təzyiqlər var. Mən “Bakı” ilə oyunda hücumçunu yarımmüdafiəçi oynadırdım. Ruslan Qurbanov “Sumqayıt”la oyunda sağ müdafiəçi oynadı. Sadıq Sadıqov komandadan getsə, mən 24 saat əvvəl gedirəm. Mən yığdığım reytinqi ona borcluyam. O məni “Neftçi”yə gətirib. Cavid İmamverdiyevə inanıram, potensialını açmaq lazımdır. Bir vaxt Araz Abdullayev də indiki Caviddən güclü deyildi. Ya Cavid bezib futboldan gedəcək, ya da mən deyən futbolu oynayacaq”. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43