Ölkə futbolu

Bravo, senyor

Turun mərkəzi qarşılaşması bir çox məsələyə aydınlıq gətirə bilərdi. Qalib gələnin böyük üstünlüyə malik olacağı qarşılaşma bərabərliklə nəticələndi. Nəticə olaraq meydanda qazanan olmasa da, kənarda Roberto Bordinin Qurban Qurbanova qalib gəldiyni görə bilərik. İtaliyalı mütəxəssis komandasını necə lazımdırsa hazırlaya bilmişdi.

Hamımız “Neftçi”nin matça heç-heçə üçün gəldiyini, bunun üçün də meydanda hər şeyi edəcəyini düşünərkən, “ağ-qaralar” heç də rəqibindən aşağı səviyyədə çıxış etmədi. Hesabda geriyə düşdükdən sonra belə toparlanıb, özünə gələ bildi. Hətta azlıqda qaldıqdan sonra belə oyun üslüblarından vazgeçmədilər. Ümumiyyətlə, cari mövsümdə keçirilən üç “Qarabağ” – “Neftçi” duelinə nəzər yetirsək, Bordinin Qurbanovdan daha yaxşı olduğunu görərik. İtaliyalı mütəxəsiss çempionluq yolundakı ən əsas rəqibinə hələki məğlub olmayıb. Əvəzində isə doğma meydanda  “Qarabağ”a 3:1 hesabı ilə qalib gəlməyi bacarıb.

Daim müdafiə, qorxaq futbol oynatdığını iddia etdiyimiz baş məşqçi bu səfər tam əksinə, rəqibini əməlli-başlı qorxuya sala bilmişdi. Özü də ən əsas rəqibini.  İnadkar italiyalı bildiyindən vazgeçməyərək, heç kimə qulaq asmadan öz yolunda irəliləyir.  İstəsək də, istəməsək də liderler hər zaman haqlı və doğru olurlar. Lider qaldığı müddətcə Bordin də haqlıdır. Əgər dünənki matçda Dabo əlinə düşən əlverişli imkandan yararlanıb, yaxın məsafədən topu qapıdan keçirsəydi, bu, Bordinin işinin tacı olacaqdı. Bir sözlə, “qorxaq futbol oynadır” dediyimiz italiyalı, artıq qorxulu futbol oynadır. Mövsümün əvvəlində sırf bu sisteminə görə yerdən-yerə vurduğumuz bu adam, fikirləri 180 dərəcə dəyişdirə bilibsə, ona bir “Bravo, senyor” deməyi çox görməməliyik.

Qurbanov isə hər zamankı oyunçularından razı qalma üslubunu pozmadı.  Mütləq qələbə qazanmalı olduğu oyunda, 10 nəfər qalmış rəqibinə məğlub olmaqdan qılpayı qurtulan oyunçuların nəyindən razı qaldığını yalnız özü bilir. Ancaq görünən odur ki, “Neftçi” üçün bu il qaydasında getdiyi oyunlar elə ən əsas rəqibi olan “Qarabağ” görüşləridir.

Həsən Quluzadə


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43