Ölkə futbolu

“Bu xalq Azərbaycan futboluna küskündür” – MÜSAHİBƏ

“Bu xalq Azərbaycan futboluna küskündür”

” İdman Azərbaycan” kanalında və “Antenn Fm”-də yayımlanan “Over Time”verilişinin aparıcısı, gənc jurnalist Rüstəm Əfsərlinin “Qafqazinfo”ya müsahibəsi

-İdman jurnalistikasına gəlməyin bu sahədə gördüyün hər hansı bir çatışmazlıqla və o çatızmazlığı aradan qaldırma potensialını özündə hiss etmənlə əlaqədar ola bilərdimi?

-Yox, məncə, sahəsindən asılı olmayaraq hansısa işə başlayan adam belə düşünə bilməz. Mən 2005-ci ilin mart ayında idman mətbuatına sırf oxucu kimi gəlmişdim. Ola bilər ki, jurnalistika fakültəsində oxumağım katalizator rolunu oynadı, bu prosesi sürətləndirdi. 1997-98-ci illərdən “Futbol+” qəzetinin oxucusu olmağım, həmin dövrdə oxuyacaq başqa bir ciddi idman mətbu orqanın olmaması və yazılarını bəyəndiyim insanlarla tanış olmaq həvəsi, futbola, idmana olan sevgi bu sahəyə gəlməyimdə önəmli rol oynadı. 18 yaşımda düşünə də bilməzdim ki, “Futbol+” və ya “Çempion” qəzetində çatışmazlıq var və mən gedib həmin problemi aradan qaldıracam. O yaşda belə düşünmək mümkün deyil, bu cür iddiada olan insalar da yalan danışır. Üstəlik, yenilik gətirib hansısa sahədə ciddi islahatlar aparan dünyanı yox, ilk növbədə özünü düşünür. Sırf işə başlamağım isə bir qədər təsadüfi alındı. “Çempion” qəzetində müxbir axtarışı ilə bağlı olan elan karyeramın başlanğıcı oldu.

– Sənin 1997-98-ci illərdə “Futbol+” oxuduğun vaxtlarda Azərbaycan futbolu haqqında oxunası bir o qədər məlumat yox idi axı. İndi-indi klublarımız Avro Liqa, “Çempionlar Liqa”sı qrup mərhələsi üçün mübarizə aparırlar. Yəni futbolumuz barədə informasiyanın az olduğu zamanda sənə o qəzeti nöqtə-vergülünə qədər oxudan məqam nə idi?

– “Ura-patriotizm” deyilən bir anlayış var, hay-küylü vətənpərvərlik. Mən bir az elə şeylərdən qaçmağa çalışıram. Azərbaycanlı olaraq mənim avrokuboklarda şərti “Neftçi”yə, “Qarabağ”a və ya “Xəzər Lənkəran”a azarkeşlik etmək kimi vəzifəm yoxdur. Əgər bu komandaya simpatiyam yoxdursa, deməli, yoxdur. Amma digər tərəfdən də, o hiss istər-istəməz insanın daxilində olur. Ona qalib gələ bilməzsən. Uşaq yaşlarında insan idealist olur, dünyanı al rəngdə görür. Hər birimizin uşaqlığı oxşar keçib və 90-cı illərdə – ətrafda çətin həyat, yoxsulluq hökm sürəndə qəzeti Azərbaycan futbolu barədə nəhayət yaxşı bir xəbər oxumaq eşqi ilə alırdım. Çünki Avropa futboluna izləyirdim və istəyirdin ki, orada olan səviyyə, ajiotaj, peşəkarlıq az-çox bizim futbolumuzda da olsun. Vəli Qasımovun İspaniya çempionatında keçirdiyi növbəti oyunu qəzetin hər küncündə axtarırdıq ki, görək nə xəbər var, o bərədə.

– Bu sahənin 10 ilə yaxın bir iştirakçısı kimi necə düşünürsən, profesional olmaq üçün mütləq kiminsə “evini yıxmaq”, onun haqqında neqativ informasiyalar yazmaq vacibdir?

– Bu hər bir mətbu orqanın daxili işidir. İnsanların dünyaya baxışı müxtəlif olduğu kimi, mətbu orqanın da özünün bir siyasəti və auditoriyası var. Amma mənim şəxsi fikrimcə, neqativ nə qədər az olarsa, bir o qədər yaxşıdır. Yenə də “Futbol +” bağlı bir misal çəkim. Bu qəzet barədə çox danışmış kimi görünürəm, amma ovaxtlar oxuduğumuz yeganə mətbu orqan o idi deyə, xatirələrimin çoxu da onunla bağlıdır. Mənim həmin qəzetdə oxumadığım yeganə mövzu İsgəndər Cavadov və Fuad Musayev qarşıdurması idi. Demək olar ki, qəzetin hər sayında bu barədə bir yazı çıxırdı. İsgəndər Cavadovdan müsahibə alırdılar, daha sonra Fuad Musayevin vəətrafındakıların mövqeyi. İsgəndər Cavadov o vaxt AFFA prezidenti olmağa iddialı idi. Fuad Musayev də öz kreslosunu əldən vermək istəmirdi. Belə-belə bu intriqa davam edirdi, hər yazıda da neqativ, neqativ, neqativ… Buna görə bu barədə yazılanları mən heç oxumurdum. Ümumiyyətlə çalışıram ki, oxuduğumdan müsbət yekun çıxarım. Əslində, bu, jurnalistə bir qədər xas olmayan xüsusiyyətdir. Çünki jurnalist auditoriyanın tələbi ilə daha çox mənfiliklər axtarıb tapmalıdır ki, ondan nəsə ajiotajlı bir xəbər çıxara bilsin. Onun da “çörəyi” budur. Amma düşünürəm ki, indiki durumda, Azərbaycan futbolunun inkişafının bu mərhələsində müsbət dəyişikliklərə daha çox yer ayırıb, auditoriya və azarkeş qazanmaq lazımdır. Onsuz da bu xalq Azərbaycan futboluna küskündür. Daha da üstünə getməyək. Amma onunla da razıyam ki, müsbət məqamları yazmaq üçün gərək ortada müsbət şeylər olsun.

– O müsbət şeyləri görə bilirsən?

– İndi elə bir durumdayıq ki, 90-cı illərdə bizim nəsildən olan balaca azarkeşlərin heç yuxularında belə görə bilməyəcəyi şeyləri yaşayırıq, amma yenə də tənqiddən geri çəkilmir. Çünki dövr dəyişir, heç nə yerində dayanmır. Az-çox tərpəniş var Azərbaycan futbolunda, amma potensialımızın imkan verəcəyi səviyyədə deyil. Hərçənd, baxaq, “Neftçi”nin Avroliqada çıxışından sonra bu il heç kimin ora düşə bilməməsini geriləmə kimi qələmə verdik. Hərçənd, 1990-2000-ci illərdə klubların bir mərhələ keçməsini arzulayırdıq. Başqa bir elementar misal çəkim. Əvvəllər yığma komandanın, klubların geyimlərini Avropa nümunələri ilə müqayisə edəndə, utanırdım. 2002-ci ildə İtaliya və Azərbaycan yığmalarının görüşünü xatırlayaq, məsələn. Amma indi hər şeyi üst standartlara çatdırmaq üçün pul var.

– Bəs, necə fikriləşirsən, hazırda idman jurnalistikası futbolumuzun inkişafına nə dərəcədə töhfə verə bilir?

– Təəssüflə qeyd etmək istəyirəm ki, indi peşəkarlıq aşağı səviyyədədir. Çünki hazırda bu sahədə nə istədiyini bilməyən, nə yazdığını bilməyən, nə gəldi yazan insanlar çoxdur. İdman mediasında bir basabas, qələbəlik yaranıb. 50-ə yaxın sayt var, heç dünyanın böyük futbol ölkələrində bu sayta rast gəlmək mümkün deyil. Əslində, mən şablon şeylər danşıram. Ancaq insanlar bu barədə dönə-dönə danışırlarsa, deməli həqiqət, reallıq budur.

– Televiziya, radio və sayt. Sən bunların üçündə də varsan. Başqaları bunun birində möhkəmlənə bilmədiyi halda, səndə üçü də alınır. Bu “üçü birində” məsələsini necə bacarırsan?

– Əslində, bu mənim elə də böyük vaxtımı almır. Əvvəllər klublarda – “Simurq” və AZAL-da asudə vaxtın qıtlığı ilə daha çox üzləşirdim. İndi isə vaxtımı rahat bölüşdürə bilirəm enerjimi çox almır. O başqa məsələ ki, hər gün yazı yazmaq olmaz. Əgər bunu hər gün edirsənsə, effekti itəcək. Bir də təzyiq altında yaza bilmirəm. Kimsə desə ki, filan mövzu haqqında yaz, çox fikirləşəcəm, amma heç nə alınmayacaq.

-“ İdman Azərbaycan” kanalında Doktor Ziya ilə birlikdə “Overtime” verilişini aparırsız. Bu proqnozları verəndə hər hansı bir fövqəltəbii hissə arxalanaraq bunu edirsən, ya sırf məntiqi nəticələrə əsaslanırsan?

– Fövqəltəbii hislər ekstrasenslərdə olur (gülür). Ən birincisi, onu deyim ki, mən proqnoz ustası deyiləm. Bəzən sosial şəbəkələrdə tənqid olunurq ki, dediyiniz bəzi proqnozlar özünü doğrultmadı. Mən iddia etmirəm ki, dediklərimin hamısı gələcək. İdman jurnalistiyəm, 9 il ərzində qəzet, radio, televiziya sahəsində çalışmışam və bu təcrübənin gətirdiyi informasiya, məlumat bolluğu bizə analiz aparmağa fikirlərimizi formalaşdırmağa yardım edir. Nəticə etibarı ilə bu proqnozlar həm də statistik faktlara, məntiqi nəticələrəəsaslanır. Öz araşdırmalarımız da göstərib ki, proqnozlarımızın 70-75%-i özünü doğruldur. Bu, normal rəqəmdir. Müqayisə üçün Türkiyənin tipik mərc qəzetlərində idman yazarlarının proqnozlarından heç nə ilə geri qalmır. Amma “OverTime” sırf idman şousudur. Bunun içində biz müəyyən proqnozlar veririk və hər zaman da qeyd edirik ki, aldığınız informasiyanı filtrdən keçirib özünüz doğru bildiyiniz kimi hərəkət edin.

– Səni yaxından tanıyanlar İtaliya futbolunun azarkeşi olduğunu bilir. Bu ölkənin futbolu haqqında hər zaman bəh-bəhlə danışmağa məcbur edən fakt nədən ibarətdir?

– Bəlkə də bir zövq məsələsidir. Amma kalçonu izlədikcə belə bir faktın şahidi oluram ki, dünyanın böyük futbol ölkələrindən fərqli olaraq, burada futbola sırf elm kimi yanaşırlar. Məsələn, mən jurnalist kimi də, klubların mətbuat xidmətində çalışan biri kimi də bunu özüm üçün qətiləşdirmişəm ki, Azərbaycanda məşqçilərə taktika barədə sual verəndə onlar bu və digər səbəbdən özlərindən çıxırlar, əsəbiləşirlər. Bununla onların müdafiə mexanizmi işə düşür; ya öz savadsızlıqlarını ört-basdır edirlər, ya da sual verənin bu barədə kifayət qədər məlumatı olmaması onları əsəbiləşdirir. Ancaq İtaliyada sən hər bir məşqçi ilə mətbuat konfranslarında, müsahibələrdə taktika barəsində saatlarla danışa bilərsən. Nəinki məşqçi, hətta küçədən keçən adi italyan azarkeşindən çox rahatca, məsələn, 4-2-3-1 taktiki sxeminin “İnter” üçün nədən ziyanlı olduğunu öyrənərsən. Məhz bu mənə kalçonu sevdirir.

İqbal Aslanov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43