17 Oktyabr 2018
  • Ana səhifə
  • Müsahibə
  • “Danışılmış oyunlarla bağlı bizdə bir neçə klubun adı var” – Elxan Məmmədov
Müsahibə

“Danışılmış oyunlarla bağlı bizdə bir neçə klubun adı var” – Elxan Məmmədov

AFFA-nın baş katibi Elxan Məmmədov İcraiyyə Komitəsinin iclasından sonra jurnalistlər üçün brifinq təşkil edib.

– Bildiyiniz kimi, 2 ay bundan əvvəl İcraiyyə Komitəsinin iclası oldu. Orada birinci divizionla bağlı məsələ müzakirə edilmişdi. O zaman biz Klublar Komitəsi və Məşqçilər Komitəsinin adından bu çempionatların yeni konsepsiyasını təqdim etdik. Lakin İcraiyyə Komitəsinin üzvləri əlavə tapşırıq verdilər ki, biz yenidən bu məsələyə baxaq və bütün qurumlarla bir daha görüş keçirib daha detallı konsepsiya təqdim edək. Bu 2 ay ərzində Məşqçilər Komitəsi, Klublar Komitəsi, Peşəkar Futbol Liqası, AFFA və klublarımızın nümayəndədləri ilə görüşlər keçirdik və yeni kosepsiya hazırlandı. Təbii ki, bu işdə milinin və aşağı yaş qrupları üzrə yığmaların baş məşqçilərinin fikirlərini və arzularını da bura əlavə etdik. Onların da arzusu odur ki, bu çempionatda gənc futbolçular oynasınlar. Məşqçilər Komitəsi bu barədə bir daha Peşəkar Futbol Liqası və klublarla müzakirələr apardıqdan sonra bu konsepsiya qəbul olundu. Bugünkü iclasda da təklifimiz etdik və əvəzedicilərin çempionatında çıxış edən klubların birinci divizionda oynaması barədə qərar qəbul olundu. Birinci divizionda müvafiq qaydaya uyğun olaraq, 4 və ya 6 komanda qalacaq. Əvəzedicilərin 8 komandası da bu yarışa qatılacaq. Orada da müvafiq limit tətbiq olunacaq: start heyətində 4 sərbəst, 6 1998-ci il təvəllüdlü futbolçular və 1 2001-ci il təvəllüdlü oyunçu meydana çıxmalıdır. Bununla gənc, ehtiyatda qalan, yığma komandalarda oynayam futbolçulara şans verilir. Bildiyiniz kimi hazırda Premyer Liqada limitimiz var. Lakin bununla 1998-ci il təvəllüdlü uşaqların əksəriyyətinin birinci divizionda oynamaq imkanı olacaq. Ələvə olaraq, bu, danışılmış oyunlarla mübarizənin bir yoludur. Çünki əvəzedici komanda birbaşa klubu təmsil edir. Ona görə də artıq Premyer Liqada çıxış edən klublar bu hallara görə məsuliyyət daşıyacaqlar. Düşünürük ki, onların köməyi ilə biz bu virusu tam şəkildə məhv edəcəyik.

– Onda belə çıxır ki, diviziondan Premyer Liqaya əvəzedici komandaların heç biri vəsiqə qazana bilməyəcəklər…

– Təbii ki, Premyer Liqaya ancaq divizion təmsilçiləri yüksələ biləcəklər. Əvəzedici komandaların bu imkanı olmayacaq.

– Qeyd etdiniz ki, divizion təmsilçiləri 4-6 aralığında olacaq. Bu komandalar hansı meyarlar əsasında seçiləcək və 7-ci klub olsa, necə olacaq?

– İlk növbədə ötən mövsüm divizionda çıxış edən komandalardan 4 və ya 6-sı olacaq. Yeni komanda olmayacaq. Çünki onlar əvvəlcə ən azı 2-3 il Region Liqasında oynamalıdırlar. Bundan sonra diviziona gələ biləcəklər. Artıq təcrübə göstərdi ki, komanda yaradırlar. Birinci divizionda oynayır, 12 aydan isə sonra həmin komanda yox olur. Ona görə də AFFA olaraq, tam əmin olmalıyıq ki, həmin klubun peşəkar niyyəti var və doğrudan da futbolumuza öz müsbət töhfəsini vermək arzusundadır. Əsas bunları nəzərə alacağıq. İlk növbədə ötən mövsüm divizionda iştirak edən klublar olmalıdır. İkincisi, ötən il danışılmış oyunlarla bağlı ümumi məlumatları müzakirə edib qərar verəcəyik. Artıq bəzi klubların adları var. Peşəkar Futbol Liqası bununla bağlı məlumat versə, daha yaxşı olar. Bölgəni və orada uşaq futbolunun inkişafını nəzərə almalıyıq. Çünki artıq bu komandalar birinci divizionda limitə uyğun öz strategiyalarını müəyyən etməlidirlər. Buna görə də uşaq futbolunun potensialını da nəzərə alacağıq.

– “Kəpəz”in birinci divizionda oynayacağı dəqiqləşibmi?

– Bəli, dəqiqləşdirilib. Biz onu artıq qeyd etmişdik. Premyer Liqadan düşən “Kəpəz” klubu növbəti mövsümdə divizionda iştirak edəcək.

– Bayaq qeyd etdiniz ki, birinci divizionda əvəzediciləri çıxsaq, maksimum 6 komanda olacaq. Bu da Premyer Liqa klubları ilə birlikdə 14 komanda deməkdir. Sizcə, 2020-ci ildə Avropa çempionatında oynamaq istəyən bir ölkə üçün cəmi 14 peşəkar klubun olması nə dərəcədə düzgündür?

– Bir tərəfdən sizinlə razıyam. Ola bilər ki, bu, çox da ideal variant deyil. Amma reallığı da anlamalıyıq. Buna uyğun olaraq da vəziyyəti qiymətləndirməliyik. Görürük ki, birinci divizionda viruslar var. Birincisi, onları məhv etməliyik. İkincisi, təəssüflər olsun ki, öz hesabına maliyyələşən klublar yoxdur. Biz 14-16 klubu AFFA-nın hesabına maliyyələşdirə bilmərik. Təbii ki, sponsorlardan gələn gəliRlərlə bəzi klubları maliyyələşdiririk. SOCAR-dan da bu klublara pul ayırırıq. Say məsələsinə gəlincə, məncə, əsas keyfiyyətdir. Son dünya çempionatına vəsiqə qazanan komandalara baxsanız görərsiniz ki, orada da bəzi ölkələrin peşəkar liqasında 8-10 komanda çıxış edir. Buna baxmayaraq, mötəbər yarışlarda təmsil olunurlar. Çünki keyfiyyətə üstünlük verirlər. Onların futbolçuları məsuliyyət hiss edirlər və öz üzəriilərində daha ciddi işləyirlər. Öz gələcəklərini düşünüb, xarici ölkələrə gedirlər və tanınmış klublarda oynayırlar. Təbii ki, ən təzə misal Xorvatiya millisidir. Final oyununa vəsiqə qazandılar. Amma baxmaq lazımdır. Xorvatiya klubları Çempionlar Liqasının qrup mərhələsində son dəfə nə zaman oynayıblar. Ancaq futbolçuların əksəriyyəti ölkə xaricində çıxış edir. Xorvatiyanın heyətinə baxsaq, maksimum 7-8 futbolçu yerli çempionatdan var. Qalanları xarici klubların üzvləridir. Gəlin, bunu da etiraf edək ki, 8 komandalı çempionata baxmayaraq, bir təmsilçimiz Çempionlar Liqasını, 2-si isə Avroliqanın qrup mərhələsində oynayıb.

– Ancaq klublarımızın bu mövsüm avrokuboklardakı çıxışı göstərdi ki, yavaş-yavaş səviyyə aşağı düşür…

– Gəlin, ümidlə yaşayaq ki, “Qarabağ” yenə bizi sevindirəcək. Bu komanda fərqli çempionatda oynamır ki. Premyer Liqada 7 komanda ilə mübarizə aparır və Çempionlar Liqasına vəsiqə qazanır. Bu isə o deməkdir ki, çempionatda sağlam rəqabət var deyə klublarımız avrokubokların qrup mərhələsində oynayırlar. Əslində Avroliqanın qrupunda oynamaq belə Azərbaycan futbolu üçün uğurdur.

– İcraiyyə Komitəsinin bugünkü iclasında Media Komitəsi ilə bağlı məsələnin müzakirə ediləcəyi gözlənilirdi. Belə bir söhbət oldumu?

– Yox, əslində gözlənilmirdi. Əsas məsələ divizionla bağlı idi. Bu yaxınlarda Peşəkar Futbol Liqası  püşkatmanı keçirməlidir və bunu yeni konsepsiyaya uyğun etməlidir. Bu isə öz növbəsində FİFA-nın pəncərəsinə uyğun olmalıdır. Media Komitəsi ilə bağlı növbəti iclasda müvafiq qərar qəbul olunacaq. Çox güman ki, bu, sentyabrın sonu və ya oltyabrın əvvəlinə təsadüf edəcək.

– Qeyd etdiniz ki, AFFA-nın 12-14 kluba baxmaq imkanı yoxdur. Biz sizi başa düşürük. Belə deyək də, bu, həm AFFA-nın borcu da deyil ki, klubları maliyyələşdirsin. Kənardan gəlir olmalıdır. Amma görürük ki, ölkədə futbola pul yatırmaq istəyən yoxdur. Sizcə, bu vəziyyəti dəyişmək üçün nə etmək lazımdır?

– Düşünürük, təhlillər aparır, digər ölkələrin təcrübələrinə baxırıq. Əslində böyük futbol ölkələrində də belə problem olub. Təcrübəyə baxsaq, bəzi Şərqi Avropa ölkələrində də əvvəllər bu proseslər gedib. Amma müəyyən müddətdən sonra vəziyyət düzələcək. Futbola maraq artacaq və maliyyə yatırımları olacaq. Düzdür, əvvəlki illərdə klubların öz sponsorları var idi, amma hazırkı keyfiyyət yox idi. İndi isə biz daha çox keyfiyyətə fikir veririk. Sadəcə, bir az səbrli olmaq lazımdır.

– Danışılmış oyunlarla bağlı araşdırmalar davam edirmi? Əvvəlki mərhələlərdə cəzalananlardan başqa heç kimin adı çəkilmir. Yenə cəza alan olacaqmı?

– Bəli, olacaq. Prokurorluq tərəfindən araşdırma aparılır. Biz bütün sənədləri müvafiq olaraq təqdim edirik. Həftəlik olaraq, hüquq-mühafizə orqanları ilə əlaqə saxlayıb, UEFA-dan gələn bütün məlumatları onlara veririk. Divizion klubları ilə danışsanız, bilərsiniz ki, onları da dəvət edirik, araşdırmalar gedir. Müvafiq qaydada sanksiyalar da olacaq.

Oxşar xəbərlər

Tahir Gözəl: “Son qərar Qurban Qurbanova məxsusdur”

admin

Vüqar Nadirov: “İstəyirdim topu qapıçının üstündən aşırım” – MÜSAHİBƏ

admin

Səmra Əliyeva: “Ətrafımda hələ “qız hara, futbol hara” deyənlər var”

admin