Layihə

Debütantlarımızın seçmə mərhələdəki çıxışları – LAYİHƏ

AFFA yanında Media Komitəsinin layihə müsabiqəsində qalib olan İdmanxeber.com saytının “Yığma” mövzusu çərçivəsində hazırladığı 7-ci yazı.

Bu dəfəki yazımızda milli komandamızın başa çatan tskildəki göstəriciləri sırasında debütantların özlərini doğruldub-doğrultmamasından bəhs edəcəyik.

Milli komandamızın sabiq baş məşqçisi Robert Prosineçki başa çatan DÇ-2018-in seçmə mərhələsi çərçivəsində əsas millinin qapısını 8 futbolçuya açdı. Bunlar Pavel Paşayev, Ramil Şeydayev, Emin Mahmudov, Təmkin Xəlilzadə, Riçard Almeyda, Renat Dadaşov, Dəniz Yılmaz və Mahir Mədətovdu. 
Siyahıdan da göründüyü kimi cəmi 2 yerli fuboçu – Mahir Mədətov və Təmkin Xəlilzadə daxili çempionatdakı performansına görə xorvat mütəxəssisin rəğbətini qazana bildi. Premyer Liqamızda oynayaraq əsas milliyə dəvət alan digər futbolçu Riçar Almeyda oldu. “Sambaçı” milliləşdirilərək əsas yığmaya cəlb olundu.
Ümumilikdə çağırılan futbolçuların əksəriyyəti ön xətt oyunçuları idi.

İndi isə debütantarın başa çatan tskildəki göstəricilərindən bəhs edəcəyik.


Mahir Mədətov
“Qarabağ”ın gənc hücumçusu Prosineçkinin rəhbərliyi altında 2017-ci ildə iki dəfə millinin formasını geyindi. Çempionlar Liqasında “Kopenhagen”i məyus edərək komandasını qrup mərhələsinə daşıyan 20 yaşlı futbolçu Norveç və Çexiya ilə matçlarda meydanda oldu. 
Mədətov bu matçların heç birində 90 dəqiqə meydanda olmadı. O, Osloda Norveçlə baş tutan səfər görüşündə 62, Çexiya ilə Bakıdakı görüşdə isə 11 dəqiqə meydanda oldu.

Ümumilikdə 2017-ci ili Mədətov üçün uğurlu saymaq olar. 


Ramil Şeydayev
Bir müddət Rusiya millisinin aşağı yaş qruplarından ibarət millisinin heyətini qorumuş Şeydayev nəhayət ki, Azərbaycan variantı üzərində seçimini edərək əsas millimizə dəvət aldı. 
Prosineçki gənc hücumçuya qrup mərhələsinin bütün görüşlərində güvəndi. Lakin Şeydayev bu matçların heç birində 90 dəqiqə meydanda olmadı. 

Sərgilədiyi futbolla azarkeşlərin rəğbətini qazanan ucaboy forvard milli komandadakı qol hesabını çox gec açsa da, bunu gözləməyə dəyərmiş. O, Kayzerslauterndə Almaniya ilə səfər görüşündə komandamızın yeganə qolunun müəllifi oldu.


Təmkin Xəlilzadə

“Zirə”nin heyətində göstərdiyi yüksək performansla Premyer Liqanın digər iddialı komandalarının transfer siyahısında yer alan “solaxay” futbolçuya millinin heyətində başa çatan tskildə 2 dəfə forma geyinmək şansı nəsib oldu. Belə ki, San Marino ilə Bakıdakı matçda sol cinahdakı aktiv oyunu və gözəl ötürmələri ilə diqqə mərkəzinə düşən futbolçuya Prosineçki Almaniya ilə səfər qarşılaşmasında da, şans tanıdı. Xəlilzadə Almaniya ilə səfər matçında da, gözəl oyun nümayiş etdirərək onunla eyni mövqedə çıxış edən Pavel Paşayevlə mübarizəyə hazır olduğunu baş məşqçiyə mesaj olaraq göndərdi.

Renat Dadaşov

Almaniya millisinin 17 yaşlılarından ibarət komandasında çıxış etmiş Dadaşovun millidəki debütü San Marino ilə Bakıdakı görüşə təsadüf edir. Belə ki, Prosineçki gənc hücumçuya “Bakcell Arena”da keçirilən və millimizin 5:1 hesablı qələbəsi ilə başa çatan oyununda şans tanıdı. Almaniyanın “Ayntraxt” klubunun gənclərdən ibarət komandasında çıxış edən forvard “San Marino” ilə matçın  72-ci dəqiqəsində meydana çıxmaqla millimizin heyətində debüt etdi. Bu hələ ki, Dadaşovun əsas milli forma altında meydana çıxdığı ilk və son görüşdü.


Riçard Almeyda
5 ildən artıqdı ki, “Qarabağ”ın heyətində çıxış edən braziliyalı futbolçunun milliləşdirilməsi an məsələsi idi. Və Riçard Almeyda FIFA-dan gələn müsbət qərarla milliləşdirildi. O, Şimali İrlandiya ilə yayda baş tutan görüşdə start heyətində meydana çıxdı. Lakin ümumilikdə Almeydanın millidəki performansını elə də yüksək qiymətləndirə bilmərik. Hər halda “Qarabağ”dakı çıxışı, məhsuldar ötürmələri ilə özünü təsdiq edən braziliyalı yarımmüdafiəçi millidə eyni göstəriciləri sərgiləyə bilmədi. 5 matçda əvəzlənmədən meydanda olan təcrübəli yaradıcı futbolçu yalnız San Marino ilə Bakıda baş tutan qarşılaşmada bir məhsuldar ötürmə ilə yadda qaldı.

Ümumilikdə isə onun milliyə böyük fayda verəcəyi heç kimdə şübhə doğurmur.


Deniz Yılmaz

“Bursaspor”dakı çıxışı ilə göz oxşayan Deniz Yılmaz millimizdən gələn təklifə müsbət baxınca Prosineçki onun əsas yığmaya cəlb edərək elə ilk andaca ona forma şansı tanıdı. Türkiyəli oyunçu Şimali İrlandiya ilə səfər matçında milli komandamızın heyətində debüt etdi. O, hətta ilk oyundaca millimizdəki qol hesabını açmağa yaxın olsa da, britaniyalıların qapıçısı onun bu arzusunu ürəyində qoydu. Cəmi 2 oyunda (Şimali İrlandiya və Almaniya) meydana çıxan 29 yaşlı hücumçu bu matçların heç birində qol vura bilmədi. 

Onun milli formasında belə az oynamasının səbəbi klubunda əsas heyətə düşməkdə çətinlik çəkməsi oldu. Çılğın hücumçu bir müddət sonra “Bursaspor”da əsas heyətə düşməkdə çətinlik çəkdi və hal-hazırda da, ehtiyat oyunçular skamyasının daimi üzvüdür.


Pavel Paşayev
Karyerasını Ukraynada davam etdirən Pavel Paşayevin əsas millidəki debüt matçı Moldova ilə yoxlama görüşünə təsadüf etsə də, milli forma altındakı rəsmi oyunu Almaniya ilə qarşılaşma oldu. Debüt matçındaca yaxşı futbol ortaya qoyan “solaxay” futbolçumuz ümumilikdə başa çatan tskildə 360 dəqiqə meydanda oldu. 

Paşayer hazırda millidə müdafiənin sol cinahında çıxış edə biləcək 2 futbolçudan biridi. Hazırda o mövqedə çıxış edən Təmkin Xəlilzadə ilə rəqabətdən onun qalib ayrılıb-ayrılmayacağını isə zaman göstərəcək.


Emin Mahmudov
Hazırda “Neftçi”nin formasını geyinən Emin Mahmudov milli forma altında cəmi 82 dəqiqə meydanda oldu. Yaradıcı futbolçu öncə San Marino ilə görüşdə 12 dəqiqə oynamaq şansı qazandı. Bu onun milli forma ilə meydana çıxdığı ilk oyun idi. Bundan sonra Belfastda Şimali İrlandiya ilə görüşdə start heyətdə meydana çıxan futbolçu 0:4 hesablı məğlubiyyətin “qəhramanları”ndan oldu.

Ümumilikdə isə debütantların çıxışını qənaətbəxş hesab etmək olar. 

“Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43