Kateqoriyasız

Droqbanın təri sizin qələminizdən təsirlidi

Futbolu başa düşəndən, onu sevəndən, daima azarkeşlik edəcəyim komandanı seçəndən bəri bu dediklərimin tam əksini özündə cəmləşdirən əksəri qadın və nadir hallarda bəzi kişilərdən bu cümləni eşitmişəm “22 nəfər bir topun arxasınca 90 dəqiqə necə qaça bilər?”.

Bu gün isə bu qəbildən olan fikirlərdən ən qeyri-adisinə və mənim üçün gülüş doğuranına rast gəldim: “Tər iyindən ötrü öldüyünüz futboolçuların vecinə də deyilsiziniz”. Bu tərkibində futbolla qəti əlaqəsi olmayan, yalnış və pafosla zəngin olan fikirləri özündə cəmləşdirən bir yazının başlığıdır. Mən bu cür yazıları, daha doğrusu bu cür fikirləri artıq təəccüblə qarşılamıram. Təəccüblə qarşıladığım müasir dillə ifadə etsək, bir yazarın futbol sevgisinə, həyəcanına, milli komandaya olan etibara, qələbəsinə duyulan sevincə, məğlubiyyətinə çəkilən aha belə biganə yanaşaraq məsələyə bu cür dar prizmadan baxmasıdır. Başa düşürəm e, futboldan anlayışı olmayan, bundan əvvəlki cümlədə sadaladığım komponentləri özündə daşımayan insan və insanlara bunu aşılaya bilmərsən. Təbii ki, bu dünyada hamı eyni anda eyni şeyi bəyənə və ya nifrət edə bilməz. Hərənin öz zövqü, maraq dairəsi var.

Ancaq bir yazarın faktlara əsaslanmayan, doğruları özündə birləşdirməyən yazısı onun oxucusunu, auditoriyasını hansı istiqamətdə maarifləndirə bilər ki? Günel xanım öz yazısında qeyd edir ki, bir futbolçu nəyinki bəşəriyyətin heç bir ölkənin taleyini dəyişə bilməz. Ağ yalandır. 2006-ci il Almaniyadakı dünya çempionatına qatılacaq komandaların siyahısı yavaş-yavaş tamamlanırdı…

Fildişi Sahili də tarixində ilk dəfə bu sevinci yaşaya və bütün futbol ictimaiyyətinin, milyonlarla “tər iyisindən ötrü ölən” azarkeşlərin gözlədiyi mundiala qatıla bilərdi. Bunun üçün Fildişi Sahilinin Sudan üzərində qələbə qazanması və Kamerun yığmasının Misirlə oyunda xal itiməsi lazım idi. Lakin Fildişi Sahilindən olan futbolçular bu ilki yaşamaq üçün nə qədər birləşsələr də, ölkədə tüğyan edən vətəndaş müharibəsi hamıya eyni həyəcanı yaşamağa imkan vermirdi. Şimal ilə cənubu arasında 5 ildən artıq davam edən vətəndaş müharibəsi sırf bir futbolçunun, “Çelsi” də xariqələr yaradan, Didye Droqbanın qələbə nitqindən sonra başa çatdı. Onun “bütün Fildişi Sahili insanları, şimaldan cənuba, qərbdən şərqə, bu gün hər kəsin bir yerdə yaşamasının mümkün ola biləcəyini gördük. Bugünkü qələbə ilə xaqlımız yenidən bir araya gələ bilər. Ona görə də silahları yerə atın və birləşin” sözləri Bouke ilə Abidcanı birləşdirdi. Məhz Droqbanın bu sülhməramlı çıxışından sonra o, BMT –yə xoşməramlı səfir təyin edildi. İndi sual verirəm. Məgər bu bir ölkənin taleyinin dəyişməsi deyilmi. İnsanların futbola olan sevgisi ilə bir olduğu məqam deyilmi?

Bir də ki, “Real”Madridin ulduz futbolçusu Kriştiyano Ronaldo illik 122 milyon avro yox, 22 milyon avro qazanır. Üzqırxan, kişi alt geyimləri və.s reklamlardan isə Ronaldoya təxminən 10 milyon avro qalır. Həm də ki, bu üzqırxan reklamlarında çəkilən Ronaldo ona performansına görə verilən “qızıl buts”u sataraq ondan əldə etdiyi gəlirin hamısını fələstinli uşaqlara yardım etmək üçün sərf edib. Məsələyə başqa tərəfdən baxanda əgər bir insan yaraşıqlıdırsa, atletik bədən quruluşuna sahibdirsə və onu bu keyfiyyətlərinə görə reklamlara çəkib, milyonlar verirlərsə, bu insanın nə günahı var? Siz də qəşəng olun, sizi də çəksinlər. Droqba ilə Ronaldo ilə, Messi və başqaları ilə bağlı olan faktları daha da artıra bilərəm. Amma bu qədər kifayətdir.

Ona görə də xahiş edirəm, bilib-bilmədən, filan ölkədə müəllim 200 manat maaş alır, süpürgəçi bu qədər qazanır tipli pafoslu çıxışlar etməyin. Hə, aldığı puldan harınlamış, iki nəfərin həyatını alt-üst etmiş və sonra da yekə-yekə danışan futbolçuları baltalayın, razıyam…

İqbal Aslanov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43