l Divizion

Elnur Səmədov: “Ağsu” hazırda yüksək liqa klublarına qarşı mübarizə aparmaq gücündədir”

Bu gün I Divizionun XIV turundan təxirə salınmış “Ağsu” – “Bakılı” matçı keçirilib – 7:0.

Görüşdə het-trik edən “Ağsu”nun futbolçusu Elnur Səmədov matçdan sonra idmanxeber.com-a müsahibə verib:

– 7:0 hesabı ilə qalib gəldiniz. Sizcə, belə hesabı səbəbi rəqibin zəif olması idi, yoxsa siz daha güclüydünüz?

– Rəqibimiz çox güclü olmasa da, belə komandalara qarşı oyuna arxayın çıxanda qələbə qazanmaq çətin olur. Məqsədimiz ilk dəqiqələrdən qol vurub, oyunu üstün şəkildə keçirmək idi. Şükür ki, istəyimizə nail olduq və böyük hesablı qələbə qazandıq.

– “Ağsu”nun Premyer Liqaya yüksəlmək üçün şansları var. Sizcə, bu oyunla Premyer Liqaya yüksələ biləcəksiz?

– Klub rəhbərliyinin hələ ki, Premyer Liqaya yüksəlmək niyyəti yoxdur. Onlar lisenziya işlərini tam şəkildə hazır edib sonra elitaya yüksəlmək istəyirlər. Oyunumuza gəlincə, məncə, “Ağsu” hazırda yüksək liqa klublarına qarşı mübarizə aparmaq gücündədir.

– Oyunda het-trik etdin. Bunu gözləyirdinmi?

– Hər oyunda komanda məndən qol gözləyir. Mən də çalışıram ki, onların gözləntilərini doğruldum. Komandama xeyir vermək üçün əlimdən gələni etməyə çalışıram. Sözün açığı, bu qədər qol vuracağımı gözləyirdim (gülür).

– Azarkeş baxımından oyuna, demək olar ki, maraq yox idi. Bunun səbəbi nədədir?

– Düzdür əvvəllər stadion tamamilə dolurdu. İndi isə oyunlara az adam gəlir. Amma bu say da artmaqdadır hazırda. İnsanların oyuna gəlməməsinin səbəbi görüşlərin keçiriləcəyi vaxtdan xəbərlərinin olmamasıdır. Bundan əlavə, komandanın bir neçə dəfə PL-ə vəsiqə qazanıb, amma gedə bilməməsi azarkeşləri futboldan soyudub.

– Qeyd etdin ki, rəhbərlik komandanın Premyer Liqaya çıxmasını hələ istəmir. Bunun səbəbi maliyyədir?

– Bunu dəqiq deyə bilmərəm. Məncə, onlar komandanın aşağı yaş qruplarını, bazanı və digər lazımi məsələlərin həllini tam yoluna qoyduqdan sonra Premyer Liqaya yüksəlmək istəyirlər.

– Növbəti turda autsayder “Göyəzən”lə qarşılaşacaqsız. Onlara da “Bakılı” kimi rəhm etməyəcəksiz?

– Biz hər komandaya hörmətlə yanaşırıq. Bu oyuna da ciddi hazırlaşmışdıq. Çalışacağıq ki, “Göyəzən”lə matça da bu şəkildə çıxıb 3 xalı qazanaq. Hesabın neçə olması önəmli deyil.

– “Divizion bataqlıqdır, bura düşən çıxa bilmir” deyirlər. Bu fikirlə razısız?

– Divizionun bataqlıq olduğunu deyə bilmərəm. Amma düşünürəm ki, burada oynayan hər bir futbolçu öz üzərində daha yaxşı çalışsa, oyunlarda özünü göstərsə Premyer Liqa klublarına keçə bilər.

– Bəs, siz bunu bacaracaqsız?

– Allahın köməkliyi ilə…


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43