Kateqoriyasız

Emil Balayev “Ayntraxt”a lazım olmadı!

Bundesliqanı tərk etmək təhlükəsi ilə üzləşən “Ayntraxt” mövsümün sonunda heyətində islahatlar aparacaq. İdmanxeber.com Almaniya mətbuatına istinadla xəbər verir ki, baş məşqçi Niko Kovaçın “qara siyahı”sında adı olan futbolçulardan biri də Emil Balayevdi.

Ölkə çempionatında sona 4 tur qalmış turnir cədvəlinin 17-ci pilləsində qərarlaşan Frankfurt təmsilçisi II Bundesliqaya düşməyə çox yaxındı. 3 turdu məğlubiyyətləri sıralayan “Ayntraxt”ı mövsümün sonunda tərk edəcək futbolçular da müəyyənləşib.

Kovaç yayda müqavilə müddəti bitəcək 8 oyunçunun heç birinin xidmətində maraqlı deyil. Onlar arasında Azərbaycan yığmasının qapıçısı Emil Balayev də var. 2014-cü ilin dekabrında “Neftçi”dən keçdiyi “Ayntraxt”da hələ də rəsmi debüt edə bilməyən 22 yaşlı qolkiper bu müddət ərzində ən yaxşı halda komandanın 3-cü qapıçısı olub. Onunla yanaşı, oynamaq imkanı əldə etməyən digər qapıçı Yannik Zummak da yola salınacaq.

Marko Russ, Makoto Hasebe, Konstant Djakpa, Sonni Kittel, Anis Ben-Hatira və Kaan Ayhan da anlaşması yaya qədər olan oyunçulardı. Heyətə düşə bilməyənlər yola salınacaq. Rəhbərlik yüksək ödənişli Russ, Hasebe, Djakpa, Ben-Hatira və Ayhanla hazırkı şərtlərlə müqavilə imzalamaq fikrində deyil. Komandanın liderlərindən olan Russ özü də autsayderdə qalmaq istəmir. Sonuncu isə müqavilə ilə məxsus olduğu “Şalke”yə qayıdacaq.

Bundan başqa, “Ayntraxt” əgər Bundesliqanı tərk etsə, Sabolç Huştinin də müqaviləsi avtomatik olaraq qüvvədən düşəcək. Çünki macarıstanlı yarımmüdafiəçinin anlaşması yalnız yüksək liqa üçün nəzərdə tutulub.

Klub yalnız Yohannes Flumu saxlamaq qərarına gəlib. Onunla yeni müqavilə imzalanacaq.

Beləliklə, zədə ucbatından mövsümü qapayan Emil Balayev “Ayntraxt”ı debüt etmədən tərk etməli olacaq. (apasport.az)


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43