Dünya futbolu

Ernan Krespo Bakıya gəlir

UEFA Avropa Liqası növbəti dəfə Bakıda futbol azarkeşlərini sevindirəcək.

İdmanxeber.az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, 2019-cu il, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək UEFA Avropa Liqasının final oyununa hazırlıq kampaniyası çərçivəsində dünya şöhrətli argentinalı hücumçu Ernan Krespo UEFA-nın ulduz səfiri qismində dekabrın 23-də paytaxtımıza gələcək.

Həmin gün, saat 12:00-13:00-da UEFA Avropa Liqasına həsr olunmuş muzeydə Milan “İnter”inin heyətində 3 dəfə İtaliya çempionu olmuş E.Kresponun imza günü təşkil olunacaq. Muzey ziyarətçiləri imza günündə sabiq hücumçu ilə yaxından tanış ola, ondan imza ala, eləcə də foto çəkdirə biləcəklər.

Saat 13:00-da isə muzeydə Ernan Kresponun mətbuat nümayəndələri üçün brifinqi keçiriləcək.

Qeyd edək ki, Ernan Krespo İtaliyanın “Parma” klubunun heyətində UEFA Kubokunun 1998/99 mövsümünün qalibi olub. Onun adı 2004-cü ildə FIFA-nın 100 illik yubileyi münasibətilə Pele tərəfindən tərtib edilmiş həyatda olan 125 ən yaxşı futbolçunun siyahısında yer alıb.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43