İdman

Eyni oyunda iki fərqli “Neftçi”

Ötən tur “Qəbələ” gözlənilmədən “Səbail”ə məğlub olduqda əksəriyyət bunu “qırmızı-qaralar”ın qeyri-sabit çıxışıyla bağladı. Ancaq dünən fərqli mənzərənin şahidi olduq. Qəbələ səfərimiz meydan sahiblərinin “Neftçi”ylə qarşılaşmasını stadiondan izləmək məqsədi ilə təşkil olunmuşdu. Lakin gözlədiyimiz futbolu yenə də görmədik… 

İlk dəqiqələrdən qarışıqlıq, pərakəndəliklə zəngin olan qarşılaşmada zaman ötdükcə də tərəflərin nə etmək istədiklərini anlamaq olmurdu. Meydan sahiblərinin sıralarında Stiven Monrozun yoxluğu, habelə Filip Ozobiçin formasından uzaq olması özünü büruzə verirdi. Roman Qriqorçukun komandası nə etmək istədiyini anlamaq üçün nə iki göz kifayət edərdi, nə də əlavə eynək. Desək ki, qonaqlar hansısa xüsusi diqqətçəkən futbol sərgiləyirdi, yenə də oxuculara yalan satmış olarıq. Yeganə xoş məqam “Forza Neftçi”ylə bağlı idi. İlk dəqiqədən sevimli komandalarını dəstəkləmək üçün Qəbələyə şəxsi hesablarına səfər etmiş “ağ-qaralar”ın fanatları mülayim hava şəraitinə yay ab-havası qatmışdılar. Üst paltarlarını soyunan və yalnız maykada qalan “Forza Neftçi” qrupu müxtəlif nəğmələrlə Tərlan Əhmədovun drujinasını qələbəyə səsləyirdi.

 Paytaxt təmsilçisinin sıralarında az-çox seçilənlərə gəlincə, burda Namiq Ələsgərov, Rəhman Hacıyev və Emin Mahmudovu qeyd edə bilərik. Elə ilk ciddi təhlükəni də məhz Ələsgərov yaratdı: texniki fəndlə Elvin Camalovdan sıyrılan vinger qapıya əla zerbə endirdi. Ancaq qonaqların “ah” çəkdiyi epizod topun qapı çatına tuş gəlməsi ilə yadda qaldı. Düşünmək olardı ki, bu baxımlı zərbədən sonra qonaqlar daha da fəallaşacaq. Bəlkə belə də olacaqdı. Lakin qol əks qapıya vuruldu. Yusif Nəbiyev – Famussa Kone – Ozobiç – Nəbiyev – Elvin Məımmədov kombinasiyası qolla nəticələndi. Kağız üzərində beşgedişli kombinasiya təəssüratı bağışlayan qol epizodu, əslində təsadüfi dəqiq zərbə kimi də səciyyələndirilə bilər. Çünki heç Elvin özü də gözləmirdi ki, top ona çata bilər və “mərmi”yə ayaq qoyduqdan bir an sonra hər kəsi çaşqın duruma salar. Ancaq top əla traektoriya cızaraq, Rəşad Əzizli üçün əlçatmaz oldu.

 İnsaf naminə qeyd edək ki, ikinci hissə ilk 45 dəqiqədən daha maraqlı məcrada keçdi. Fasilədən cəmi 4 dəqiqə sonra bakılıların qapısına təyin edilən cərimə zərbəsindən sonra ötürülən topa Ruslan Qurbanov son müdaxiləni etsəydi, heç şübhəsiz ki, qalib haqda sual gündəmdən çıxacaqdı. Lakin Qurbanov topu vurmaq əvəzinə dirəklə toqquşdu. Bu epizoddan bir qədər sonra Famussa Kone təhlükəli zərbəylə yadda qalsa da, Əzizli səhvsiz oynadı.
59-cu dəqiqədə isə Vitali Vernidub bağışlanılmaz səhvlə “qırmızı-qaralar”ın ardıcıl ikinci məğlubiyyətinin təməl daşını qoydu. Namiq Ələsgərovun ötürməsindən sonra ukraynalı müdafiəçi topu auta da çıxara bilərdi, qapı xəttindən də. Lakin Vernidub topa toxunmayaraq, onu gövdəsi ilə Emin Mahmudovdan gizlətməyə çalışdı. Elə bu hərəkət də matçın qırılma nöqtəsi oldu. Yarımmüdafiəçi Vitali ilə mübarizəyə qoşuldu, topu ondan aldı və bir toxunuşla Mirabdulla Abbasova ötürdü. “Neftçi”nin forvardı üçün yaxın məsafədən Dmitri Bezotosnını kapitulyasiyaya məcbur etməsinə heç nə mane ola bilməzdi – 1:1. 

Bu qoldan sonra “Neftçi”də özünəinam hissi artdı. “Qırmızı-qaralar” isə əksinə, nə edəcəklərini özləri də anlaya bilmirdi. Buraxılan ardıcıl səhvlər bəhrə verməsə də, 73-cü dəqiqədə qonaqlar istəklərinə çatdı: İqnasio Herreranı “itirən” Ürfan Abbasov vingerin Bezotosnı ilə təkbətək çıxmasının qarşısını ala bilmədi və “Neftçi” tərəzinin gözünü xeyrinə dəyişə bildi.

 Son dəqiqələrdə əyalət klubuB məğlubiyyətdən qurtula bilərdi. Amma Ozobiçin hiyləgər zərbəsi də qapının üstündən keçincə, “Qəbələ”nin ardıcıl 2-ci məğlubiyyəti rəsmiləşdi.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43