Ölkə futbolu

Fariz Əkbərov: “Oyunçularımızın hamısı hərbi xidmətdə olublar”

“Liman” klubunun rəhbəri çıxan iddiaları yalanlayıb.

Bu yaxınlarda futzal klublarımıza gələn iranlı oyunçuların ölkələrindəki hərbi xidmətdən yayındıqları üçün bura üz tutduqları barədə xəbərlər yayılmışdı. Belə ki, iddiaya görə İranda bir idmançı karyerasını 1 il xarici ölkədə davam etdirərsə, hərbi xidmətdən azad olunacağı bildirilib. Məsələni dəqiqləşdirmək üçün  heyətini iranlı futzalçılarla gücləndirən “Liman” klubunun rəhbəri ilə əlaqə saxladıq. Klubun rəhbəri Fariz Əkbərov söylənənlərin yalan olduğunu, ümumiyyətlə İranda belə bir qayda olmadığını bildirib:

“Bu cür yalan xəbərlər niyə yazılır, bilmirəm. Əvvəla onu qeyd edim ki, bizim və digər klublarımızın transfer etdiyi iranlı futzalçılar hərbi xidmətlərini ediblər. Hətta onların içərisində ailəli olanlar da var. Qonşu ölkədə də bizdəki kimi 18 yaşı olan oğlan uşaqları əskərliyə aparılır. Ümumiyyətlə, İranda belə bir qayda yoxdu ki, karyerasını xaricdə davam etdirən oyunçu hərbi xidmətdən azad olunsun. Bu, tamamən yalandır. Əgər istəsələr mən onlara oyunçularımızın hərbi xidmətdə olan şəkillərini belə göstərə bilərəm”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43