Ölkə futbolu

Gəncədən uzaq düşən “Kəpəz” sonuncu, derbi isə birinci oldu

Misli Premyer Liqasının 32-ci turuna yekun vurulub.

İdmanxeber.az-ın məlumatına görə, turun azarkeşlər tərəfindən ən az maraq göstərilən matçı “Kəpəz”lə “Sumqayıt” arasında baş tutub. Gəncə şəhər stadionunun qazonunun yararsız olması səbəbindən ev oyunlarını Qəbələdə keçirən “sarı-göylərin”in görüşünü cəmi 300 tərəfdar izləyib.

“Zirə”nin doğma meydanda “Turan Tovuz”a 1:3 məğlub olduğu oyuna da maraq çox olmayıb. Sözügedən matçda stadionda 400 azarkeş qeydə alınıb.

“Qəbələ” – “Səbail” oyununa isə digər iki görüşə nəzərən daha çox azarkeş təşrif buyurub. Ev sahibi komandanın son zamanlarda uğurlu çıxışı yerli tərəfdarların diqqətindən kənar qalmayıb. Qəbələdə baş tutan görüşü tribunadan 800 tərəfdar izləyib.

Masazırda keçirilən “Sabah” – “Şamaxı” matçı da azarkeşlərin marağına səbəb olub. İlk dəfə avrokuboklara vəsiqəni təmin edən paytaxt təmsilçisi 1100 tərəfdar önündə çıxış edib.

Turun ən çox azarkeş qeydə alınan oyunu “Bakcell Arena” keçirilib. “Neftçi”nin “Qarabağ”ı qəbul etdiyi matça azarkeşlər kifayət qədər böyük maraq göstəriblər.

Altı qolun qeydə alındığı qarşılaşmanı stadiondan 7 min tərəfdar izləyib.

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43