İdman

Gəncə stadionu finala ev sahibliyi etməyə hazırdı: “Stadionumuzda qəzalı vəziyyətdə olan sektor yoxdu, sadəcə işıqlandırma…”

Azərbaycan kubokunun 2017/18 mövsümünün final oyunu Gəncə şəhər stadionunda keçirilə bilər.

İdmanxeber.com-un məlumatına görə, bu barədə Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Antalyada keçirdiyi mətbuat konfransında məlumat verib. Qurum rəhbəri ölkə kubokunun həlledici matçının 2 stadionda – Gəncə və Qəbələ şəhər arenasında keçirilə biləciəyini söyləsə də, üstünlüyün Nizami Yurduna verildiyini, bununla belə sözügedən stadionda işıqlandırma sisteminin olmaması finalın keçirilməsinə maneə yaratdığını söyləyib. 

“Gəncə şəhər stadionu Azərbaycan kubokunun final matçını idarə etməyə hazırdımı?” sualına cavab tapmaq üçün arenanın direktoru Cabir İbrahimovla əlaqə saxladıq:

“Belə bir hadisə Gəncədə futbol bayramı deməkdi. Kubokun finalının Gəncə şəhər stadionunda keçirilməsi bizim üçün də fəxr olardı. Amma PFL prezidenti Ramin Musayevin də bildirdiyi kimi, stadionumuzun işıqlandırma problemi var. Bu isə bir o qədər çətin problem olmamalıdı. İşıqlandırma “projektor”larını yeniləmək üçün 20 gün vaxt bəs edər. Lakin bunun üçün bizə nə təklif irəli sürülüb, nə də bir başqa bir şey…”
İbrahimov stadionda başqa bir problemin olmadığını və arenanın final matçını idarə etməyə hazır olduğunu söylədi: “Ot örtüyümüz ideal vəziyyətdədi. Paltardəyişmə otaqları ideal olmasa da, yeni təmir olunub və lazımı səviyyədədi. Azarkeşlər də stadionu tamamı ilə doldura bilər. Stadionumuzda qəzalı vəziyyətdə olan sektor yoxdu. FHN əməkdaşları təqribən 2 il əvvəl qəzalı deyilən sektorların alt tərəflərini qazdılar, yoxladılar, amma təhlükəyə rast gəlmədilər. Qənaətə gəlindi ki, orda da azarkeşlər əyləşə bilər”.

 

İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43