Ölkə futbolu

“Kubokda mərhələ keçmək şansımız yarı-yarıyadır” – “Zirə”nin kapitanı

“Qəbələ”yə qarşı qazanılan qələbə çox vacib idi. Hesabın 4:0 olması görüşün rahat keçdiyi kimi görünsə də, mən belə düşünmürəm. Təxminən 3-4 gün öncə bu klubla ölkə kubokunda üz-üzə gəldik. Rəqibin sona qədər mübarizə aparan güclü kollektivi var. Sadəcə, ilk dəqiqələrdən düşən fürsətlərdən komandamız maksimum yararlandı”.

Bu sözləri İdmanxeber.az saytına “Zirə”nin kapitanı Qismət Alıyev Premyer Liqasının 29-cu turu çərçivəsində keçirilən “Qəbələ” qələbəsi (4:0) barədə danışarkən deyib. Təcrübəli futbolçu sözügedən görüşdə rəqib oyunçu Emil Səfərovun “qırmızı” görməsindən sonra matçın baş hakimi Rəvan Həmzəzadədən onu bağışlamasını istəməsindən də danışıb. Alıyev sosial şəbəkələrdə də maraqla qarşılanan epizodu belə şərh edib:

“Heç bir futbolçu meydandan qovulmaq istəməz. Emil həqiqətən çox mərifətli, tərbiyəli uşaqdır. Onu balaca vaxtından tanıyıram. Buna görə hakimə dedim ki, əgər epizod yarı-yarıyadırsa, “qırmızı”ya ehtiyac yoxdur. Təbii ki, yenə də referinin öz qərarı idi. Yekunda da baş hakim qırmızı vərəqəni ləğv etdi və Emil sona qədər meydanda qaldı”.

“Zirə”nin yarımmüdafiəçisi “qırmızı-qaralar”la Azərbaycan Kubokunun yarımfinal mərhələsində keçirəcəkləri cavab oyunu barədə danışıb:

“İlk oyunu yada salsaq, görüşün necə çətin olacağını təxmin etmək olar. Bakıda 2:0 öndə olsaq da, “Qəbələ” son dəqiqələrdə qol vuraraq cavab matçına şans saxladı. Rəqibi analiz etsək, yaxşı hücumlarının olduğunu ancaq son nöqtəni qoya bilmədikləri görünür. Bizi Qəbələdə çətin oyun gözləyir. Məncə, şanslar yarı-yarıyadır”.

Q.Alıyev cari mövsüm “Zirə”nin avrokuboklara vəsiqə qazana bilməməsi durumunda komandanın uğursuz olub-olmayacağı sualını belə cavablandırıb:

Son illərin ən maraqlı çempionatı gedir. 5-6 komanda avrokuboklar üçün mübarizə aparır. Bütün klublar hər oyuna final kimi baxırlar. Biz də bu yarışın içərisindəyik. Hədəfimiz avrokuboklara vəsiqə qazanmaqdır. Bizim həm kubok, həm də Premyer Liqada bunu bacaracaq şansımız var”.

Həsən Quluzadə

 

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43