İdman

Mahmud Qurbanov: “İstəmərəm ki, “Kəpəz”ə görə Yunis Hüseynovla aram dəysin”

Hazırda işsiz olan millimizin sabiq məşqçisi Mahmud Qurbanovun İdmanxeber.com saytına müsahibəsi.

– Mahmud müəllim, hazırda nə işlə məşğulsunuz?

– İşlərim var, öz işlərimi görürəm. Futbola aiddiyatı olmayan işlər.

– Birgə çalışdığınız yığmamızın sabiq baş məşqçisi Robert Prosineçki ilə münasibətiniz davam edir?

– Yox, açığı heç danışıb eləmirik. Əlaqəmiz yoxdu.

 – Azərbaycan çempionatının oyunlarını izləyirsiniz?

– Bəli, izləyirəm. Bildiyimiz 8 komandalı Azərbaycan çempionatı (düşünür). Nə deyim Vallah, qeyri-adi diqqətimi çəkən maraqlı məqama rast gəlmirəm.

– Qurban Qurbanov milli komandamıza baş məşqçi təyin olunduqdan sonra aşağı yaş qruplarına yeni çalışdırıcılar cəlb olundu. Niyə o siyahıda sizin adınız çıxmadı?

– Səbəbini mən özüm də bilmirəm. Əlimdə olsaydı, özüm-özümü baş məşqçi təyin edərdim (gülür). Amma bu sualın mənə aidiyyatı yoxdu. Özüm-özümü tərifliyəsi deyiləm ki… 

– Razısınız ki, hazırda işsiz qalmağınızda şəxsi münasibətlərin də rolu var?

 – Bilmirəm. Belə suallara cavab vermək çətindi. Həyatdı, hər şey ola bilər. Hər insanın özünün yaxın bildiyi adamlar var. O cümlədən də məşqçilərin. Görünür, Qurban Qurbanovun da özünə aid ətrafı var… 

– Klublardan təklif gözləyirsiniz?

– Elə yaşdayıq ki, işləməliyik. Klublarımızdan başqa da bizə kim təkllif göndərəcək ki? Xaricdə yaşamırıq ki, oturaq gözləyək, Avropadan təklif gəlsin. Azərbaycan klublarını gözləməkdən başqa yolumuz var ki? 

– Klubdan söz düşmüşkən, 2012-ci ildə baş məşqçisi olduğunuz “Kəpəz” hazırda acınacaqlı vəziyyətdədi…

– Gərək komandanın içərisində olasan ki, fikir yürüdə biləsən. Mən işləmişəm, 6 il əvvəl bundan qabaq. Həmin vaxtla indiki dövr arasında fərq var. İldən-ilə hər şey dəyişilir. Məşqçilər, futbolçular və şərait… Ümid edək ki, yaxın zamanlarda hər şey düzələcək.

– Sizin dönəminizdə heyətdə gənc, yerli  futbolçular çoxluq təşkil edirdi. Hazırda isə “Kəpəz”də 7 legioner futbolçu var ki, onların da “Kəpəz”i bu çətin vəziyyətdən çıxarmaq borclarıdı…

– Haqlısınız. Ancaq bu məsələləri danışmaq mənə düşməz. Hansısa söz deyərəm, yanlış anlaşıla bilər. Ancaq bilirəm ki, Yunis Hüseynov hər gün çalışır ki, “Kəpəz”i bu ağır vəziyyətdən çıxarsın.

– Çağırsalar, “Kəpəz”i çətin vəziyyətdən xilas etmək üçün işləməyə hazırsınız?

– Mənim Yunis Hüseynovla çox yaxşı münasibətlərim var. Əvvəla ikimiz də yerliyik. O, “Kəpəz”ə getməmişdən qabaq ən azı həftədə 1 dəfə görüşüb, söhbətləşirdik. İndi işlə əlaqədar bir o qədər vaxt olmur. Mən heç vaxt istəmərəm ki, “Kəpəz”ə görə Yunis Hüseynovla aram dəysin. Heç kimin də yerində gözüm yoxdu. İnşallah, qismət olar, bizə də hardansa təklif gələr. Azərbaycan çempionatında 8 komanda var, məşqçi çoxdu. Hamı da işləmək istəyir. 

– I Diviziondan təklif gəlsə, işləyərsiniz?

– Niyə işləmirəm ki? I Divizionda işləmək ayıb deyil ki… Sadəcə məqsəd olsun. Əgər stiumul olacaqsa işləmək olar. Yox, əgər boş-boş vaxt keçirtməkdirsə, onda daha belə də vaxtımızı keçiririk də…

– Sizcə Mahmud Qurbanova qarşı haqsızlıq edildi?

– Əvvəla sizə təşəkkür edirəm ki, maraqlanırsınız, diqqətdə saxlayırsınız. Azərbaycanda elədi ki, işləyəndə diqqət mərkəzində olursan. ELə ki, işsiz qalırsan, unudulub gedirsən. Heç darıxmıram da, tələsmirəm. Gözləyirəm, təki yaxşı olsun. Şükür Allaha, Azərbaycan üçün, özüm üçün vaxtında futbol oynamışam. Hamı da bir-birini yaxşı tanıyır. O cümlədən də Mahmud Qurbanovu pis-yaxşı tanıyırlar. Amma görünür, Mahmud Qurbanov adı indiki vəziyyətdə kifayət etmir.  Gedib kiməsə deyəsi deyiləm ki, mənə komanda ver, işləyim. Baxmayaraq ki, bəzi məşqçilərdə bu xasiyyət var. Bu mənim xarakterimə uyğun deyil. Bir onu deyəcəm ki, karyerası təmiz olan futbolçu işləməlidi. Gələcəkdə məşqçi kimi ona etimad göstərilməlidi. 

– “İş üçün kimlərəsə ağız açan məşqçilər” deyəndə kimləri nəzərtə tutdunuz?

– Bayaq danışdıq axı, hamı bir-birini yaxşı tanıyır. Deməyə ehtiyac yoxdu.

 

Hidayət QURBANOV


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43