İdman

Mövsümün son yarışı keçirildi

Azərbaycan Velosiped İdmanı Federasiyasının təqvim planına uyğun olaraq Respublika Velotrekində qrup ötüşmələri üzrə mövsümün son yarışı keçirilib.
İdmanxeber.com xəbər verir ki, yarışda müxtəlif klub və cəmiyyətlərin 50-dən artıq idmançısı iştirak edib.

Qızların mübarizəsində ilk 3 pillədə 8 saylı Olimpiya İdman Məktəbinin velosipedçiləri qərarlaşıblar – Viktoriya Sidorenko 1-ci, Ayan Xankişiyeva 2-ci, Elfanə Camalova isə 3-cü yeri tutub.

15 yaşadək oğlanların yarışı Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin üzvü Nikita Sıtovun qələbəsilə yekunlaşıb. Onun komanda yoldaşı Natiq Maydarov 3-cü olub. 2-ci yerdə isə 8 saylı Olimpiya İdman Məktəbinin təmsilçisi Vəli İbrahimov qərarlaşıb.

U-17 yaş kateqoriyasında Olimpiya Ehtiyatları İxtisaslaşdırılmış Velosiped Məktəbinin yetirməsi İvan Orlov hamını qabaqlayıb. Adı çəkilən məktəbin digər üzvləri Nicat Bağırov 2-ci, Qadir Mustafayev 3-cü, Osman Qəhrəmanov isə 4-cü olub.

Və nəhayət, Gənclər, U-23 və Elit kateqoriyasında fəxri kürsünün ilk 3 pilləsinə 8 saylı Olimpiya İdman Məktəbinin velosipedçiləri Maksim Naperstkov, Mikayıl Səfərli və Kənan Qəhrəmanlı qalxıblar. Qalib və mükafatçılar qiymətli hədiyyələr və pul mükafatı ilə təltif ediliblər.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43