Ölkə futbolu

Necati Ateş: “Dənizlinin çalışdırdığı komandada oynamaq mənim üçün şərəf olardı” – MÜSAHİBƏ

Türkiyənin "Eskişehirspor" klubunun futbolçusu Necati Ateşin müsahibəsi

– Necati bəy, salam. Sizi Azərbaycandan narahat edirik.

– Buyurun, eşidirəm. Amma çox qısa xahiş edirəm. Bir neçə dəqiqədən sonra məşqə çıxmalıyam.

– Son günlərdə həm Türkiyə, həm də Azərbaycan mətbuatında adınız "Xəzər Lənkəran"la yanaşı hallanır…

– Bu haqda məlumatım var. Amma yalnız mətbuat vasitəsi ilə. Ortada konkret heç nə yoxdur.

– "Xəzər Lənkəran"dan kimsə sizinlə əlaqə saxlayıb?

– Yox. İndiyə qədər nə mənimlə, nə menecerimlə, nə də klubumla "Xəzər Lənkəran" tərəfindən heç kim əlaqə qurmayıb. Dediyim kimi, bu haqda mən də yalnız mətbuatdan oxumuşam.

– Bəs, təklif gəlsə qəbul edərsiniz?

– Futbol ehtimalları sevmir. Ona görə də indidən nəsə dəqiq bir söz demək çətindir. Həm də bu təkcə məndən asılı olan məsələ deyil. "Eskişehirspor"la hələ 1,5 illik müqaviləm var. Klubu tərk etməyim üçün ilk növbədə rəhbərlik tərəfindən razılıq verilməlidir. Əgər, şərtlər uyğun olsa niyə də yox? Sevə-sevə Azərbaycana gələrəm.

– Yəqin ki, "Xəzər Lənkəran"ı Mustafa Dənizlinin çalışdırmasından xəbərdarsınız?

– Əlbəttə. Mustafa hoca çox dəyərli bir insandır. Onun rəhbərliyi altında oynamağı hər bir futbolçu istər. Mustafa Dənizlinin çalışdırdığı komandada oynamaq mənim üçün də şərəf olardı.

– Deməli, Azərbaycan İspaniyadan sonra legioner həyatı yaşayacağınız ikinci ölkə olacaq…

– Tələsmə (gülür). Əvvəl təklif gəlsin, "Eskişerhispor" razılıq versin, şərtlərdə razılaşaq, sonrası asandı.Bir daha təkrar edirəm ki, şərtlər uyğun olsa, böyük məmuniyyətlə Azərbaycanda çıxış edərəm.

– Azərbaycan futbolu haqda hansı məlumatlarınız var?

– Bilirəm ki, son zamanlar Azərbaycan futbolu inkişafdadır. Çempionatın səviyyəsi qalxır. Mustafa Dənizli kimi məşqçinin Azərbaycanda çalışması çox şey deməkdir.

futbolxeber.az

 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43