İdman

“Neftçi” və “Qarabağ” mütəmadi olaraq…” – MÜSAHİBƏ

Avropa Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 15-də “Qarabağ”ın qonağı olacaq “Slovan”ın futbolçusu Martin Latka müsahibə verib. 

İdmanxeber.com-un apa-ya istinadən məlumatına görə, 32 yaşlı futbolçu Ağdam klubu ilə matç barədə fikirlərini bölüşüb.

 

– Bakıya səfər zamanı hava limanında bir qədər gözləməli oldunuz. Bu nə ilə bağlı idi?

– Viza ilə bağlı kiçik problem var idi. Sənədlərdə problem yoluna qoyulduqdan sonra məsələ həll olundu.

 

– Hər kəs belə düşünür ki, “Qarabağ”la matçda zədəli Lukaş Pokornini siz əvəz edə bilərsiz…

– Bu, baş məşqçiyə ünvanlanacaq sualdı. Hansı qərar veriləcəyini oyun günü biləcəyik. Məşqlərdə özümü yaxşı tərəfdən göstərməyə çalışıram. Əsl futbol bu cür matçlarda olur. Sonuncu dəfə uzun illər öncə avrokubokda iştirak etmişəm. Yenidən avrokubok görüşünə çıxmağı səbirsizliklə gözləyirəm.

 

– Deməli, “Slaviya”nı “Slovan”a dəyişməyinizdə əsas rolu məhz avrokubokda oynamaq istəyi oynayıb…

– Əlbəttə, bu, qərarımda böyük rol oynadı. Şadam ki, biz Avroliqanın qrup mərhələsinə düşə bildik. İndi “Slovan”ı güclü komandalarla oyunlar gözləyir. İlk sınaq isə bu həftə olacaq.

 

– Yeri gəlmişkən, “Slovan”da cəmi 1 oyunda iştirak etmisiz. Bu, komandada özünüzü tam rahat hiss etməməyinizə səbəb ola bilərmi?

– “Brno” ilə görüşdə iştirak oyun təcrübəsi baxımından mənə kömək oldu. Amma hər şey qısa zamanda baş verdi. Mənim üçün məşq etmək də vacib idi.

 

– Necə düşünürsüz, kapitan Pokorninin yoxluğu “Slovan”a nə kimi problem yarada bilər?

– Komandada xüsusi rol oynayan futbolçular var. Ancaq 1 oyunçunun yoxluğu bizə problem yaratmaz.

 

– “Qarabağ”la səfər görüşündə heç-heçə sizi qane edərmi?

– Bu, rəqibin sərgiləyəcəyi oyundan və matçın gedişindən asılıdı. Görüşdən öncə “1 xal bizi qane edər” deməzdim. Rəqibin əsl gücü cümə axşamı günü bəlli olacaq.

 

– Azərbaycan futbol ölkəsi sayılmasa da, “Qarabağ” keyfiyyətli komanda hesab olunur…

– Ümumilikdə, Azərbaycan komandaları – “Neftçi” və “Qarabağ” mütəmadi olaraq, avrokuboklarda çıxış edir. Bu, onların gücündən xəbər verir. Bundan əlavə, Azərbaycan klublarının geniş maddi imkanları var. Elə bu səbəbdən ora səviyyəli oyunçular gedirlər.

 

– “Qarabağ”la matçdan sonra sabiq komandanız “Slaviya” ilə qarşılaşaqsız. Bu görüşlə bağlı nə deyə bilərsiz?

– Mən bu görüşlə bağlı hələ danışmaq istəmirəm. İndi bizi “Qarabağ”la oyun düşündürür. Bizim məqsədimiz Avroliqanın qrupunda uğurlu çıxış etməkdi. Vaxtı gələndə “Slaviya” ilə matç haqda danışarıq. 


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43