Kateqoriyasız

“Neftçi”nin baş məşqçisi hakimlikdən narazı qaldı, məğlubiyyəti şərh etdi

Misli Premyer Liqasında XI turun “Neftçi” – “Sabah” (2:3) oyunundan sonra təşkil edilən mətbuat konfransında meydan sahiblərinin baş məşqçisi Laurentsiu Regekampf jurnalistlərin suallarını cavablandırdı.

İdmanxeber.az xəbər verir ki, o, əvvəlcə matç barədə fikirlərini bildirdi…

– Çox çətin situasiyadayıq. Zədəli, cəzalı oyunçularımız var. Bu gün “Sabah”a qarşı mübarizə aparmaq istəyirdik. Səmimi olmalıyıq və bildirməliyik ki, rəqib yaxşı dönəm keçirir. İlk hissədə istədiyimiz şeyləri etməyə çalışırdıq, sonlandırmaya çatanda bunu bacarmırdıq. Caberin, Donyonun qol epizodları var idi. Lavalın epizoduna baxanda iki oyunçunun arasında mübarizə gedirdi, fol olmamalı idi. İlk hissəni 0:2 geridə başa vurduq. İkinci yarıda da 3-cü qolu buraxmalıydıq ki, komanda ayılsın. Son 20 dəqiqədə təzyiq etdik. “Sabah” futbolçuları yalnız yerdə vaxt uzatmaqla məşğul idi. Hətta biz azlıqda oynayırdıq. Bir az da bəxtimiz gətirsəydi və şanslarda istifadə etmək mümkün olsaydı, heç-heçə başa çata bilərdi. Bəzi problemləri həll edə bilmişik. Zədəli oyunçularımızı bərpa etməyə çalışırıq. Bu gün məğlub olduq və 3 futbolçu itirdik.

– Nəticəni ədalətli sayırsız?
– Ədalətli nəticə o vaxt sayardım ki, oyunun gedişatında hakimin verdiyi qərarlar hər iki tərəfə eyni olardı. Oxşar hallarda fərqli yanaşma olurdu. Sona 8 dəqiqə artırıldı, amma onun bəlkə 2 dəqiqəsini oynamadıq.

– Komanda ilk dəfə evdə məğlub oldu. Futbolçuları oyuna kökləyə bilməmişdiz?
– Çoxlu səbəblər gətirmək olar. Evdə uduzmuşuq, yaxşı hal deyil. Komandada bir neçə problemi həll etmişik. Oynaya bilməyən aparıcı oyunçularımız var. Onların yerlərini doldurmaq üçün məcburən oyunçuların mövqeyini dəyişirik. Bu da asan deyil. Gözləmirdim ki, əlimdə 2 yerli yaxşı futbolçu olsun və hər ikisi oynaya bilməsin. Mövsümün əvvəlində heyəti quranda hər mövqedə 2 futbolçu olmasını istəyirsən. Belə problemləri gözləmirdik. Oyunçu itkiləri məşqlərə də təsir edir. Hər məşqdə 11-13 əsas heyət oyunçusu olur. Bu şeylərə baxmayaraq, son 20 dəqiqədə verdiyimiz reaksiya, mübarizə çox xoşuma gəldi.

–  “Neftçi” mövsüm başlayandan 2 əsas rəqibinə 3 oyunda məğlub olub. Bunun izahı nədir?
– Oyunlara nəzər yetirsək, “Sabah”la ilk matçda hesabı açana qədər qol epizodlarımız oldu, amma yararlana bilmədik. Həmin top komandaya motivasiya verməli idi, amma bundan istifadə edə bilmədik və məğlub olduq. “Qarabağ”la qarşılaşmada ilk yarını yaxşı oynadıq. Amma sonda 1:3 uduzduq. Komandanı qurmaq üçün vaxt lazımdır. Səbəblər gətirmək istəmirəm. 3 matçda uduzmuşuq, amma bu rəqiblərə qarşı yenə oyunlarımız var. Yaxşı mövqedə deyilik. Ona görə çox danışmalı deyilik. Daha əzmkar çalışmalıyıq. Rəhbərliklə bərabər müzakirələr etmişik ki, hansı mövqeləri gücləndirmək lazımdır. Komandamız daha yaxşı olacaq. Buna əminəm.

– VII tura kimi işlər yaxşı gedirdi, fasilədə Rumıniyaya getdiz və müəyyən problemlər oldu. Düşünmürsüz ki, özünüzlə bağlı da problem var?
– Xeyr. Çoxlu itkilərimiz var. Bu dönəmdə 9 oyunçu itirmişik. Məndə problem axtara bilərsiz. Belə görmürəm. Pozitiv insanam. Zədə olanda müdaxilə edə bilmirəm. Aparıcı oyunçuların yerini doldurmaq çətindir.

– Mbodj hücumda Donyo və Boqomolskidən daha yaxşı görünürdü…
– Mbodjun istədiyim hər şeyi etdiyini demək olmaz. Çalışırdı, komandaya kömək etsin.

– Donyo vinger kimi daha yaxşı oynayırdı sanki…
– Mən də belə gördüm. Bilmirdim ki, Donyo sol vinger kimi daha yaxşı çıxış edir.

– Komanda əksər matçlarda ilk hissəni aşağı səviyyədə keçirir və sanki bir zərbə aldıqdan sonra ayılır. Bu, nə ilə bağlıdır?
– “Sabah”la matçları və “Qarabağ”la oyunu daha yaxşı bitirməliydik. Bu cür hallar baş verir. Bəzən ilk hissəni, bəzən ikinci yarını daha yaxşı keçiririk.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43