Müsahibə

“Neftçi”nin futbolçusu: “Oyunun ən yaxşısı özüməm”

Bu gün Azərbaycan Premyer Liqanın 18-ci turunda “Sumqayıt” səfərdə “Neftçi”nin qonağı olub – 1:0.

İdmanxeber.com-un məlumatına görə, matçdan sonra “ağ-qaralar”ın yeganə qolunun müəllifi Huqo Barqas jurnalistlərin suallarını cavablandırıb:

– Son dəqiqələrdə vurduğun qolla komandana qələbə qazandırdın…

– Matçın başlarında işimizi çətinə saldıq. Daha erkən qol vurmağa çalışdıq və bunu bacarmadıq. İkinci hissədə də hücuma atıldıq, amma rəqib komandanın qolkiperi yaxşı oyun göstərdi, onu da təbrik edirəm. Lakin oyunun sonlarında  istəyimizə çatdıq, qələbə qolunu vurduq.

– Hava şəraiti oyununuza nə dərəcədə təsir etdi?

– Təbii ki, hava şəraiti oyunumuza xeyli təsir etdi. Buna baxmayaraq, irəli atıldıq, qol vəziyyətləri yaratdıq. Amma hava daha yaxşı olsaydı, hesab başqa cür də ola bilərdi. Düşünürəm ki, qələbəyə layiq idik.

– Baş məşqçi səni meydana buraxanda hansı tapşırıqları verdi?

– Məşqçimiz mənə dedi ki, oyunun sonuna az qalıb, imkan tapan kimi qapıya zərbə endir. Mən də bu tapşırığına əməl etdim, vurduğum zərbə də bizə qələbəni gətirdi. Hücumçu üçün qol vurmaq növbəti oyunlara motivasiyanı artırır. Mən də inanıram ki, növbəti görüşlərdə qollarımı sıralayacam.

– Qış fasiləsindən sonra ilk dəfə idi ki, doğma meydanınızda oyun keçirdiniz…

– Sözün düzü, belə atmosfer gözləmirdim. Ab-hava çox gözəl idi. Hər saniyə azarkeşlərimiz bizə dəstək oldu. Biz də qələbə qazanmağa davam edib, azarkeşlərimizi sevindirəcəyik.

– Kənardan tamaşaçı kimi oyunu izləsəydiniz, matçın qəhrəmanı kimi rəqib komandanın qapıçısını seçərdiniz, ya yeganə qolu vuran hücumçunu, yəni, özünüzü?

– Əlbəttə, qapıçı çox gözəl qurtarışlarla yadda qaldı. Amma belə oyunlarda qələbə qolunu vuran futbolçu oyunun ən yaxşısı sayılır, mən də özümü seçərdim.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43