Ölkə futbolu

Pantiç: “Neyləyim, atım əvəzedici heyətə, onda nə olacaq?”

Premyer Liqanın XII turu çərçivəsində doğma meydanda “Simurq”u məğlub edən “Bakı”nın (3:2) baş məşqçisi Milinko Pantiç oyun haqda fikirlərini bildirib.

O bunları deyib:

“Çox çətin və emosional oyun oldu. Hesabı açsaq da, qol buraxıb fasiləyə bərabərliklə yollandıq. Amma ikinci yarıda yetirmələrim qarşılaşmanı öz xeyrimizə dəyişə bildi. Ardıcıl iki heç-heçədən sonra bu qələbə hava, su kimi lazım idi. Biz məşqçi işi görünən, yaxşı təşkil olunmuş komandaya qarşı döyüşdük. Bu gün Rauf, Əfran bir daha əsas heyətdə oynamağa layiq olduğunu isbatladı. Komandam bu qələbədən sonra yüksək əhval-ruhiyyə ilə “Neftçi” ilə oyuna hazırlaşacaq”.

“Bu gün “Bakı”nın ən yaxşısı Elxan Əhmədov oldu. Çünki o verilən bütün tapşırıqları layiqincə yerinə yetirdi. Səhv etməsi normaldı. Azərbaycan gələcəkdə ondan istifadə edə bilər. Neyləyim, Elxanı atım əvəzedici heyətə, onda nə olacaq? Görüşdən öncə klub prezidenti Hafiz Məmmədovla söhbət edərkən hakimlər haqda danışmayacağımı bildirdim. Odu ki, bu haqda mənə sual verməyin”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43