İdman

PAOK-un baş məşqçisindən acı etiraf: “Qrupdan çıxmaq üçün digər komandalardan asılıyıq”

Avropa Liqasının qrup mərhələsində evdə “Qarabağ”a uduzan (0:1) PAOK-un baş məşqçisi Vladimir İviç oyunsonrası mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Serbiyalı mütəxəssis birbaşa suallara cavab verib.

– “Qarabağ” cəmi bir təhlükəli epizod yaratdı və bu, qələbəyə kifayət etdi. PAOK-u bundan sonra nə gözləyir?

– Qoldan öncə qapımız önündə heç bir təhlükəli vəziyyət yox idi. İkinci hissəyədək üstünlük bizdə idi. “Qarabağ” bizi əks-hücumda yaxaladı və bunun qarşısını ala bilmədik. Artıq qrupdan çıxmaq üçün digər komandalardan asılıyıq.

– Komanda bu oyunda qələbə üçün yetərincə xarakter göstərdimi?

– Deməzdim ki, futbolçular bu gün xarakter göstərmədilər, döyüşmədilər. Bunu deyənlər oyuna baxmayıblar. Bazar günü çempionatda oyunumuz olmuşdu. Bütün qarşılaşma ərzində qol imkanları yaradırdıq. Ancaq rəqib əks-hücumda oynamağa hazır gəlmişdi. Onlar buna hazır idilər. Son 20 dəqiqədə biz ümumiyyətlə fiziki cəhətdən çox yorğun göründük. Bu, həlledici oldu.

– Avropa Liqasında qrupdan çıxmamaq təhlükəsi var. Çempionatda da digər rəqiblərdən bir qədər geridə qalmısız. Komandadakı gələcəyiniz üçün təhlükə görürsüz?

– Çempionat hələ yeni başlayıb. Cəmi bir neçə oyun oynamışıq. Bir neçə gün sonra çətin səfər qarşılaşmamız var. Futbolçularım o vaxta qədər dincəlib, özünə gəlməlidi. Çətinliklər bizi qorxutmur. Növbəti oyuna hazırlaşırıq. Bundan sonra da meydanda var gücümüzlə mübarizə aparacağıq.

– Komandada nə baş verir? Əvvəllər çox qol vəziyyəti yaradırdız, indi isə fərqli  durumdu. Həm cinahlardan, həm də mərkəzdən təhlükə hiss olumur. Nə baş verir?

– Rəqiblər oyunumuzu öyrənir, bizə qarşı tədbir görürlər. Biz də, vəziyyəti dəyişməyə çalışırıq. Bu gün 5-6 oyun vəziyyətində, 2-3 dəfə də standart vəziyyətlər zamanı təhlükəli olduq. Heç bir komanda bizim kimi 25-30 qol vəziyyəti yaratmır.

– PAOK sanki standart oynayır. Oyunu öz üzərinə götürəcək futbolçu yoxdu. Bunu necə dəyişməyi düşünürsüz?

– Səhvlərimizi bilirik. Hər dəfə onları təhlil edib, aradan qaldırmağa çalışırıq.

– Malezas bu gün niyə oynamırdı?

– Malezas ardıcıl 3 oyunda 90 dəqiqə meydanda olub. Bizim əlimizdə 4 eyni səviyyəli müdafiəçi var. Buan görə, onları əvəzləyirik ki, özlərini bərpa edə bilsinlər.

Səxavət Qurbanov / Saloniki


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43