Müsahibə

PFL rəsmisi: “Heç bir Premyer Liqa klubunun “Araz-Naxçıvan” kimi şəraiti yoxdur”

Xəbər verdiyimiz kimi oktyabrın 23-də Azərbaycan Superkuboku uğrunda “Neftçi” və “Xəzər Lənkəran” komandaları Naxçıvanda üz-üzə gələcəklər. Bu məqsədlə Naxçıvanda olan PFL-in Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Aslan Şahgəldiyev suallarımızı cavablandırıb:

 

– Naxçıvana səfəriniz barədə mümkünsə məlumat verərdiniz.

– Naxcıvana Superkubokun keçirilməsi, yerli şəraitlə tanış olmaq ücün getmişdik. Orada Naxçıvan MR Gənclər və İdman naziri Azad Cabbarovla görüşdük. Çox sağ olsun, bütün çatışmazlıqları aradan qaldırmaq ücün müvafiq tapşırıq və göstərişləri verdi.

 

– Superkubokun Naxçıvanda baş tutması üçün münasib şərait varmı və şərait sizi qane etdimi?

– Şərait yaxşıdı, açığı belə gözləmirdim və gördüklərim məni təəccübləndirdi. 2 ay müddətinə stadion tam yararlı vəziyyətə gətirilib, ot örtüyü təbii və oyunun keçirilməsi üçün normaldır. Sizə bir fakt deyim ki, “Araz-Naxçıvan”da olan baza, şərait heç premyer liqa klublarımızda yoxdur.

 

– Superkubokda hər hansı bir tədbirin, oyundan əvvəl konsertin keçirilməsi planlarınıza daxildirmi?

– Superkubok oyunundan öncə Avropada olduğu kimi qısa açılış mərasimi olacaq. Konsert proqramının keçirilməsi nəzərdə tutulmayıb.

 

– Naxçıvana idman mediasında çalışan jurnalistləri aparmaq fikriniz varmı? Bu Naxçıvanı tanıtdırmaq üçün necə şansdı? Həmçinin bunu “həm ziyarət, həm ticarət” adlandırmaq olarmı?

– Oyunun təbliğatının yüksək səviyyədə olması ücün 40 yaxın KİV nümayəndəsini Naxcıvana aparmağı düşünürük. Naxçıvan Azərbaycanın ayrılmaz hissəsidir. Orda gördüyüm bəzi şeylər var ki, məni valeh etdi. İnfrastruktur əla vəziyyətdədir. Futbolun özü həm də gözəl tanıtım vasitəsidir. Naxçıvanda olmayan jurnalistlərimiz də var. Ona görə istəyirik ki, onlar şəraitlə elə yerindəcə tanış olsunlar. Bu gün Naxçıvanda kifayət qədər yüksək xidmət göstərən otellər mövcuddur. Bu həm də turizm baxımından önəmlidir.

 

– Ümumilikdə Naxçıvan sizə necə təsir bağışladı?

– Naxcıvanda ilk dəfə olurdum. Sadəcə valeh oldum. Şəhər çox gözəl sakit və ən əsası çox təmizdir. Deyərdim ki, dünyanın 7 möcüzəsindən ikisi Naxçıvandadır. Bunun biri “Əshabu kəhf” ziyarətgahı, biri isə Duz dağıdır. Duz dağı sözlə ifadə etmək mümkün deyil.

 

Söhbətləşdi: Emin


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43