Dünya futbolu

Premyer Liqada sözünü demiş niderlandlı futbolçular

İngiltərənin “Liverpul” klubunun PSV-li Kodi Qakponu heyətinə qatmasından xəbərdarsız. “Qırmızılar” niderlandlı futbolçu üçün qarşı tərəfə 42 milyon avro təzminat ödəyib.

Qakponun Premyer Liqaya keçidi ağıllara İngiltərədə çıxş edərək əfsanəyə çevrilmiş niderlandlı futbolçulara gətirir. Kodinin onların siyahısına daxil olub-olmamasını zaman göstərək. Ancaq Premyer Liqada unudulmayan, bir çoxumuz üçün əvəzolunmaz sayılan kifayət qədər niderlandlı isimlər olub.

İdmanxeber.az onların bəzilərini təqdim edir:

 

Ruud van Nistelrooy

Van Nistelroyun rekordu (150 oyuna 95 zərbə) “Mançester Yunayted”in snayperini İPL-in bütün vaxtlarının bombardirləri ilə bir sırada olmasına zəmin yaradıb. PSV-dən “qırmızı şeytanlar”a transferi diz zədəsi ilə əlaqədar olaraq düz 1 il ləngidi. 2001-ci ildə isə 19 mln funt sterlinqə nəhayət ki, “Mançester Yunayted”ə qoşuldu və ilk mövsümündəcə 36 qolla PFA-nın versiyasına görə ilin futbolçusu seçildi. İkinci mövsümdə isə 52 oyuna 44 qol vurmaqla 2002-03-cü il mövsümündə Mançester klubunun Premyer Liqanı titulla bitirməyə kömək etdi.

Vircil van Dayk

Niderlandlı müdafiəçinin “Mersisayd”a gəlişi “Liverpul” üçün böyük hadisə idi. “Sauthempton”dakı uğurlu çıxışının ardından 2018-ci ildə 75 mln funt sterlinqə “qırmızılar”a keçən mərkəz müdafiəçisi həmin vaxtda bu mövqe üçün verilən ən yüksək təzminat oldu. Onun gəlişi Kloppun komandasına müdafiənin mərkəzində yaşadığı çatışmamazlığı unutdurdu və işlədiyi bir neçə ay ərzində Çempionlar Liqasının finalına çıxmasına  böyük kömək oldu. Bunun nəticəsi olaraq van Daykın da vacib rol oynadığı komanda 2019/20 mövsümünün qalibi olur.

Edvin van der Sar

Niderland futbolçularının heç biri “Mançester Yunayted”in sabiq qapıçısı Van der Sar qədər İPL-də titul qazanmayıb. Qapıçı “Old Trafford”da çıxış etdiyi 6 mövsüm ərzində 4 dəfə İngiltərə çempionu və 2007-2008-ci illərdə Çempionlar Liqasının qalibi oldu. Xatırladaq ki, komanda futbolçu ilk gəlişində özünü heç də yaxşı tərəfdən göstərməmişdi. Sonradan isə əfsanə Peter Şmeyheldən heç də zəif olmadığını sübut edərək adını klub tarixinə qızıl hərflərlə yazdırdı. 1999-cu ildə Aleks Ferqyuson onu Peter Şmeyhel taxtının layiqli davamçısı hesab edirdi. Lakin o, “Yuventus”a keçdi. İtaliyada keçirdiyi 2 ildən sonra görkəmli qapıçı gözlənilmədən “Fulhem”ə keçir və burada 4 mövsüm keçirir. Onun “Fulhem”dəki mükəmməl çıxışı sonda onun “qırmızı şeytanlar”a keçməsinə gətirib çıxarır. Burada isə qapıçı 313 Premyer Liqa matçının 132-də “clean sheet” edir.

Robin van Persi

Premyer Liqanın 2 böyük klubunda adından söz etdirmiş daha bir Niderland futbolçu. 2004-cü ildə van Persi “Arsenal”la müqavilə imzalayanda Arsen Venger onu vingerdən mərkəz hücumçusuna çevirmək istəyirdi. Lakin o, yalnız 2007-ci ildə Tyerri Anrinin komandadan gedişindən sonra əsas hücumçuya çevrildi, lakin zədələr onun “Kanonirlər”in heyətindəki çıxışına mane olmağa başladı. Şimali Londondakı son mövsümündə isə van Persi zədə almadı və 2011-12 mövsümünün 38 oyununda 30 qol vurdu. Bu səbəbdən də “solaxay qatil”ə görə “Mançester Yunayted” “Arsenal”a 24 mln funt sterlinq ödədi. Van Persi isə buna cavab olaraq meydana çıxdığı oyunlarda 26 qol vuraraq Ferqyusonun son mövsümündə titulu qazanmağına kömək etdi. Rotterdamlı futbolçu kimi Premyer Liqada heç bir Niderlandlı 144 qol vurmayıb.

Dennis Berqkamp

Nəinki çıxış etdiyi klubun hətta Premyer Liqanın tarixinə adını qızıl hərflərlə yazdırmış Niderland futbolçudan danışsaq bu sözsüz ki, Dennis Berqkampdır. Karyerasına “Ayaks”da start verən dahi futbolçu 1995-ci ildə “İnter”də keçirilən uğursuz dövrdən sonra “Topçular”a transfer olur. Brus Rioş ona görə “Neradzurri”yə 7,5 mln funt ödəyir və 1996-cı ildə Arsen Vengerin Hayberiyə gəlişindən sonra niderlandlı bu məbləğin əvəzini artıqlamasıyla verir. Çıxış etdiyi 3-cü mövsümündə Berqkamp bütün turnirlərdə 21 qol vurmaqla “Topçular”ın 2 dəfə İPL-in və İngiltərə kubokunun qalibi olmasında əvəzsiz rol oynayır. Burada çıxış etdiyi 11 il ərzində o, 3 dəfə Premyer Liqada titul qazanır. 2003-2004-də “İnvicibles” (məğlubedilməz) mövsümündə ən vacib rollardan birini oynayır. Karyerasına dağıdıcı kimi başlasa da, karyerasının sonlarında hücumçuların arxasına möhtəşəm ötürmələrlə onları təmin edir. Onun Anri ilə tandemi bu dövrə qədər də ən güclü cütlüklərdən biri sayılır. “Uçmayan Holland”ın 1997-ci ildə “Lester”in, 2002-ci ildə isə “Nyukasl”ın qapısından keçirdiyi toplar BBC-nin versiyasına görə mövsümün qolu sayılmışdı. Əlbəttə ki, o, həm də ən güclü oyun keyfiyyətləri ilə fərqlənirdi. Berqkampdan başqa heç bir Niderland futbolçu Premyer Liqada onun qədər ötürmə verməyib – 94 ötürmə.

Xəyal Hüseynov


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43