Kateqoriyasız

“Qələbə bizə hava-su kimi lazım idi” – Tərlan Əhmədov

“Bu qələbəni şəhidlərimizə və bugünlərdə doğum günü qeyd ediləcək “Xəmsə” fanklubunun yaradıcısı, mərhum Adil Məmmədova həsr edirik. Son günlərimiz çətin keçir, şəhidlərimiz və qazilərimiz var. Allah səbir versin. Vətənimiz sağ olsun. Arzu edirik ki, daha göz yaşları olmasın”.

İdmanxeber.az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Tərlan Əhmədov Azərbaycan Premyer Liqasının 7-ci turunda bu gün “Şamaxı”ya qalib gəldikləri (2:1) oyundan sonra keçirilən mətbuat konfransında deyib.

O, mövsümdə qazanılan ilk qələbəni belə şərh edib: “Qələbə bizə hava-su kimi lazım idi. Son pillələrdə gedən iki komanda görüşürdü. Oyuna çox ciddi hazırlaşmışdıq. Son 6 turdakı məğlubiyyət psixoloji təzyiq yaratmışdı. Görüşün ilk dəqiqələrində qol buraxsaq da, imkanlarımız oldu. Geri dönüş edə bildik. Uşaqlar çalışır nəyisə ortaya qoya bilsinlər. Mən istədiyim futbol topa daha çox sahib olmaq və rəqibi təzyiq altında saxlamaqdır. Hələ ki, istədiyim futbolu komandadan ala bilmirəm. Oyunun sonlarına doğru güc tükənir. Komanda konsentrasiyanı yavaş-yavaş itirməyə başlayır”.

T.Əhmədov komandasına vaxt lazım olduğunu bildirib: “İki həftəyə kollektivi bu səviyyəyə çatdırmışıq. Vaxt lazımdır. Futbolçu axtarışındayıq. Komandada rəqabəti artırmalıyıq. Hər halda bu qələbə “Kəpəz” üçün tramplin olacaq. Getdikcə qarşıda daha baxımlı futbol oynayan, daha istəkli, aqressiv “Kəpəz” görəcəksiniz”.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43