Ölkə futbolu Premyer Liqa

Qafitullin: “Gələcəkdə necə olacağını görəcəyik”

Azərbaycan Premyer Liqasının XXIII turunun “Sabah” – “Kəpəz” oyunundan (3:2) sonra meydan sahibi komandanın məşqçisi Ruslan Qafitullin jurnalistlərin suallarını cavablandırdı.

İdmanxeber.az məlumat verir ki, mütəxəssis əvvəlcə görüşlə bağlı fikirlərini bildirib:

– Oyun çox maraqlı və dinamik keçdi. Belə deyim, matçı üç hissəyə bölmək olar. İlk hissədə rəqib daha aktiv idi, hücuma keçidləri yaxşı alınırdı. Hiss edirdik ki, uşaqlarda yorğunluq var. Buna baxmayaraq, fasilədən sonra oyunu bərabərləşdirdik, şanslardan yararlandıq.

– Namiq Ələsgərovun oynamaması nə ilə bağlıdır? Bu gün start heyətdə gənc Xəyal Əliyevə şans verdiniz.
– Bizdə həftəlik məşqlərdə kimin daha yaxşı olduğuna baxırıq. Ona uyğun heyət qururuq.

– Namiq özünü yaxşı göstərmədi?
– Çox şadam ki, bu gün gənc Xəyala şans verdik. O da özünü göstərdi. Gələcəkdə necə olacağını görəcəyik.

– Rəhman Daşdəmirov da artıq əsas heyət üzvünə çevrilib. Görünür, şansından yaxşı istifadə edib.
– Başa düşürəm, amma çempionat uzundur. Hamıya şans verilir, əsas kimin özünü necə göstərməsidir.

– 4 oyuna 15 top buraxmısınız. Müdafiəçilərlə qapıçı arasında sanki əlaqə yoxdur…
– Qapıçılar haqda nəsə deyə bilmərəm, onların məşqçiləri var, müzakirələr olacaq. 15 qol çox ola bilər, amma nəzərə alın ki, iki oyun “Qarabağ”la olub.

– Yusif İmanov və Nicat Mehbalıyevdən başqa bir qapıçıya şans verməyi düşünürsünüz?
– Bu sual mənə aid deyil. Qapıçılar üzrə məşqçilər var, onlar bizə kimin heyətdə olmasıyla bağlı fikirlərini bildirir.


İdmanla bağlı qarşılaşdığınız hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: 070 242 41 43